Rio-de-Janeyroda əhalinin üçdə biri cinayətkar qruplaşmaların nəzarəti altında yaşayır

Braziliya Rio-de-Janeyro ştatının əhalisinin təxminən üçdə biri (5 milyondan çox insan) mütəşəkkil cinayətkarlıq və narkotik kartellərinin birbaşa nəzarətində olan ərazilərdə yaşayır.

Bu Rio-de-Janeyronun İctimai Təhlükəsizlik İnstitutu tərəfindən aparılan araşdırmaya əsasən məlum olub.

“O Globo” qəzetinin hesabatına görə, ştatda ümumi sahəsi 614,3 kvadrat kilometr olan 1 530 cinayətkar fəaliyyət zonası müəyyən edilib. Bu ərazilərdə 5,17 milyon insan və ya ştat əhalisinin təxminən 32,2 %-i yaşayır.

Eyni zamanda “Qırmızı komanda” (“Comando Vermelho”, CV) regionda əsas cinayətkar qüvvə olaraq qalır. O, təxminən 3 milyon insanın yaşadığı 779 əraziyə (ümumi ərazinin 50,9 %-nə) nəzarət edir. Qəzetin rəyini soruşduğu ekspertlərin fikrincə, CV son illər rəqibləri tərəfindən əvvəllər nəzarətdə saxlanılan onlarla yeni rayonu ələ keçirib.

Braziliyada təhlükəsizlik məsələsi oktyabrda keçirilmiş prezident seçkiləri zamanı yenidən əsas məsələyə çevrilib. Yenidən seçilmiş Prezident Luis İnasio Lula da Silva küçə cinayətkarlığına qarşı mübarizəni qarşıdan gələn dördüncü prezidentlik müddətinin əsas diqqət mərkəzinə çevirəcəyinə söz verib.