Artıq yuxularınızı idarə edə bilərsiniz? Alimlərdən maraqlı kəşf

Alimlər insanlara yuxu zamanı baş verənləri qismən idarə etməyi öyrədən yeni təcrübə keçiriblər. Nəticələr meditasiya və virtual reallıq məşqlərinin bu qabiliyyəti inkişaf etdirə biləcəyini göstərib.

İtaliyanın Trento Universitetinin alimlərinin 38 könüllünün iştirakı ilə apardığı tədqiqatın nəticələri “Frontiers in Psychology” jurnalında dərc olunub.

Tədqiqatçılar iştirakçılara aydın yuxu görməyi öyrətmək üçün meditasiya, yuxu gündəliyi və reallıq yoxlamalarından istifadə ediblər.

Aydın yuxu insanın yuxuda olduğunu dərk etməsi və yuxuda baş verənləri qismən idarə edə bilməsidir.

Təcrübədə virtual reallıq vasitəsilə iştirakçılara fizika qanunlarına zidd hadisələr göstərilib. Onlardan bu qeyri-adilikləri müəyyənləşdirmək və yuxuda olub-olmadıqlarını yoxlamaq tələb edilib.

Nəticələrə görə, xüsusi təlim keçən 13 iştirakçı ümumilikdə 26 aydın yuxu qeydə alıb. Digər qruplarda isə bu göstərici müvafiq olaraq 11 və 4 olub.

Bununla belə, alimlər nəticələrin ilkin olduğunu bildirirlər. Yuxular iştirakçıların öz qeydlərinə əsaslandığından, metodun effektivliyini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.