Ermənistanın xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər Cənubi Qafqazda geosiyasi proseslərin yeni müstəvidə müzakirəsinə səbəb olur. Baş nazir Nikol Paşinyanın KTMT-nin Moskva sammitində iştirakdan imtina edərək Türkiyədə keçirilən COP31 tədbirinə qatılması İrəvanın həm Moskva, həm də Ankara ilə münasibətləri baxımından diqqətçəkən siyasi addımdır.
Bu qərar Ermənistanın xarici siyasət prioritetləri, Rusiya ilə münasibətlərinin gələcəyi və Türkiyə ilə normallaşma perspektivləri barədə bir sıra suallar doğurur.
Maraqlıdır, Paşinyanın KTMT sammitində iştirakdan imtina edərək Türkiyədə keçirilən COP31 tədbirinə qatılmasını Ermənistanın xarici siyasətində strateji istiqamət dəyişikliyi kimi qiymətləndirmək olarmı?
Bu addım Moskva-İrəvan münasibətlərinə və Türkiyə-Ermənistan normallaşma prosesinə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Tamilla Qulami açıqlama verib.
Siyasi şərhçi bildirib ki, Nikol Paşinyanın KTMT-nin Moskvada keçirilən sammitində iştirakdan imtina edərək, Türkiyənin Antalya şəhərində təşkil olunan COP31 tədbirinə qatılması Ermənistanın xarici siyasətində baş verən strateji istiqamət dəyişikliyinin mühüm siyasi göstəricisidir:
“Lakin bu addımı birdəfəlik geosiyasi seçimdən daha çox, İrəvanın Moskvanın təsir dairəsindən mərhələli şəkildə uzaqlaşmaq və alternativ siyasi-iqtisadi tərəfdaşlıqlar qurmaq siyasətinin davamı hesab etmək daha doğru olar.
Əslində, Ermənistanın KTMT ilə münasibətlərindəki böhran bugünkü qərarla başlamayıb. 2024-cü ildən etibarən təşkilatın fəaliyyətində iştirakını donduran Paşinyan hökuməti artıq açıq şəkildə bu hərbi-siyasi blokun Ermənistanın təhlükəsizlik maraqlarına cavab vermədiyini nümayiş etdirir.
Paşinyanın son açıqlamaları da göstərir ki, İrəvanın KTMT-yə marağı faktiki olaraq tükənib. Paşinyanın KTMT-yə marağının tükəndiyi barədə 5 noyabr açıqlamasını əsas gətirə bilərik.
Bu baxımdan, Moskva sammitində iştirakdan imtina siyasi mesaj xarakteri daşıyır. Çünki Rusiya üçün bu, müttəfiq hesab etdiyi ölkənin alternativ xarici siyasət kursunu nümayiş etdirməsidir.
Türkiyəyə səfər isə daha geniş geosiyasi məna daşıyır. Paşinyanın Ərdoğanın dəvəti ilə COP31-də iştirakı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması baxımından mühüm simvolik addımdır.
Xüsusilə, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması perspektivinin yenidən gündəmə gəldiyi bir vaxtda bu təmasların iqtisadi və regional əməkdaşlıq üçün yeni imkanları ehtimalı yüksəkdir”.
Tamilla Qulami vurğulayıb ki, bütün bunlara rəğmən Ermənistanın Türkiyə ilə yaxınlaşması yalnız İrəvan-Ankara münasibətlərindən asılı deyil:
“Belə ki, Azərbaycanla sülh prosesinin irəliləməsi və regional kommunikasiyaların açılması da bu məsələdə həlledici amillərdir.
Məncə, Paşinyanın hazırkı siyasətinin əsas məqsədi Ermənistanı Rusiyadan asılı təhlükəsizlik modelindən çıxararaq, Qərb və region ölkələri ilə daha çoxşaxəli münasibətlər sisteminə inteqrasiya etməkdir.
Ancaq Moskvanı bu prosesdən kənarlaşdırmaq asan olmayacaq. Çünki Rusiyanın Ermənistanda iqtisadi, hərbi və siyasi təsir imkanları hələ də kifayət qədər böyükdür.
Düzdür, bu səfər Ermənistanın geosiyasi oriyentasiyasında baş verən dəyişikliklərin növbəti nümayişidir. İrəvan artıq təkcə Moskvanın mövqeyini nəzərə alan xarici siyasət yürütmək istəmir və regional münasibətlərdə yeni siyasi reallıqlara uyğun mövqe formalaşdırmağa çalışır.
Türkiyə Prezidenti sayın Ərdoğanın COP31 dəvəti və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində son təmaslar da Paşinyan hökümətinə təkan verən amillərdəndir”.



