YARADICI İNSANLARA DƏYƏR VERMƏK — ƏSL ZİYALILIQ NÜMUNƏSİDİR

Sözə, sənətə və söz adamına verilən dəyər cəmiyyətin mənəvi zənginliyinin göstəricisidir.
Cəmiyyətimizin mənəvi dayaqlarını,milli dəyərlərini qoruyan, milli düşüncənin inkişafına xidmət edən insanlar indiki zamanda çox nadir hallarda rast gəlinir. Onlar bəzən bir şeirlə, bir publisistik yazı ilə, bir kitabla insanların ruhuna hopur,qəlbinə yol tapır, düşündürür, duyğulara toxunur. Cəmiyyətin yaddaşına öz sözlərini həkk edirlər. Belə yaradıcı insanlara — şairlərə, yazıçılara, jurnalistlərə və bütün söz adamlarına dəyər vermək yalnız xoş münasibət deyil, həm də mənəvi məsuliyyətdir.
Belə insanlardan Turaz.tv-nin rəhbəri Cəmil Zəbhulla Dadaşovun fəaliyyəti xüsusi diqqətə layiqdir. Çünki o, yalnız media sahəsində çalışan bir insan deyil, özü də qələm adamıdır. Yazıçılığı, şairliyi və jurnalist fəaliyyəti ona sözün qiymətini, yaradıcı insanın çəkdiyi zəhməti, bir misranın, bir fikrin arxasında dayanan duyğunu yaxşı anlamağa imkan verir.
Yaradıcı insanın əməyini dəyərləndirmək üçün bəzən böyük tədbirlərə, təntənəli çıxışlara ehtiyac yoxdur. Bəzən bir şeiri paylaşmaq, bir yazını oxucuya çatdırmaq, müəllifin səsini daha geniş auditoriyaya duyurmaq kifayət edir. Çünki söz adamı üçün onun əməyinin görünməsi, fikirlərinin oxunması, yaradıcılığının diqqətdən kənarda qalmaması böyük mənəvi dayaqdır.
Cəmil müəllimin Turaz.tv vasitəsilə sosial şəbəkələrdə paylaşılmış dəyərli şeir və yazılara diqqət göstərməsi, onları daha geniş oxucu kütləsinə çatdırması məhz bu baxımdan çox əhəmoyyətli və təqdirə layiqdir. Bu gözəl insanın rəhbərlik etdiyi sayt yaradıcı insanlara uzadılan mənəvi bir əldir. Hər bir paylaşım bir müəllifin sözünün başqa ünvanlara çatdırılmasına, yeni oxucular qazanmasına, bəlkə də indiyədək tanımadığı insanlarla görüşməsinə şərait yaradır.
Əlbəttə, hər bir yaradıcı insan istəyər ki, onun əməyi görülsün, sözü dəyərləndirilsin. Ancaq burada başqa bir mənəvi məsələ də var ki, yaradıcı insanlar yaxşılığı görmək qədər, yaxşılığı qiymətləndirməli və təşəkkür etməyi bacarmalıdır.Bax bu əsl ziyalılığın göstəricisidir. Bəzən insan ona göstərilən diqqəti adi bir hal kimi qəbul edir, arxasında dayanan zəhməti unudur. Halbuki bir xoş söz, bir səmimi təşəkkür həm insan münasibətlərini gözəlləşdirir, həm də yaxşı iş görən insana yeni həvəs yeni ruh verir.
Söz adamı sözün qədrini bilməlidir. Qələm sahibi başqasının əməyinə hörmətlə yanaşmalı, ona göstərilən diqqəti unutmamalıdır. Çünki ədəbiyyat və yaradıcılıq yalnız yazmaqla deyil, həm də qarşılıqlı hörmət, mənəvi dayaq və insanlıq münasibətləri ilə yaşayır.
Turaz.tv-nin fəaliyyətinə nəzər salan hər kəs görər ki, bu sayt ölkədə baş verən hadisələri izləyərək gündəmin nəbzini tutur, cəmiyyət üçün əhəmiyyətli olan məsələləri işıqlandırara öz oxucularına çatdırır. Beləliklə, yaradıcı insanların sözünə yer ayırmaqla yanaşı, ictimai hadisələri də diqqətdə saxlamaq informasiya məkanında Turaz.tv örnək olan bir saytdır desəm yanılmaram.
Media yalnız xəbəri çatdıran vasitə deyil. O, həm də sözə, düşüncəyə, mədəniyyətə və insan əməyinə münasibəti ilə seçilir. Yaradıcı insanlara qapı açan, onların səsini eşitdirən, zəhmətlərinin görünməsinə şərait yaradan media rəhbərləri bu mənada xüsusi hörmətə layiqdirlər.
Bizim məqsədimiz kimisə tərifləmək naminə yazmaq deyil. Məqsədimiz yaxşı işi görmək, dəyəri vaxtında etiraf etmək və insanları bir-birinin əməyinə hörmətlə yanaşmağa çağırmaqdır. Çünki qiymətləndirilməyən zəhmət insanı ruhdan sala bilər, dəyərləndirilən zəhmət isə yeni yaradıcılıqlara yol açar.
Sonda Cəmil Zəbhulla Dadaşova və Turaz.tv kollektivinə səmimi təşəkkürümü bildirirəm. Yaradıcı insanlara göstərdiyiniz diqqətə, şair və yazıçıların sözünü oxuculara çatdırmaq üçün yaratdığınız imkanlara, cəmiyyətin gündəmində olan hadisələri işıqlandırmaq istiqamətindəki fəaliyyətinizə görə minnətdaram.
Arzu edirəm ki, sözə verilən dəyər daim yaşasın, yaradıcı insanların əməyinə hörmət artsın, yaxşılıq unudulmasın, təşəkkür etmək isə hər birimizin mənəvi borcuna çevrilsin. Çünki sözə hörmət — söz sahibinə hörmətdir. Söz sahibinə hörmət isə bütövlükdə mənəviyyata, mədəniyyətə və insanlığa hörmətdir.

Aybəniz Qafarlı