Sumqayıtda peyvənd olunmamış şəxslərin poliklinikalara girişi qadağandır? – AÇIQLAMA + FOTO

0
316

Son günlər sosial şəbəkələrdə 50 və daha yuxarı yaş qruplarından olan insanların poliklinikalara girişinə məhdudiyyət qoyulması ilə bağlı məlumatlar paylaşılıb.

“Yeni qayda”nın isə Sumqayıt şəhərində fəaliyyət göstərən 2 nömrəli şəhər poliklinikasında tətbiq edildiyinə dair fotolar yayılıb.

Yayılan fotolarda iddia edilir ki, poliklinikanın girişində üzərində “Koronavirusa qarşı peyvənd olunmamış 50 yaşdan yuxarı şəxslərin həkimlərin kabinetinə daxil olması məhdudlaşdırılır” yazılan elan asılıb.

Bəs görəsən belə bir elanın asılmasını kim tələb edib? 50 yaş və yuxarı şəxslərin başqa xəstəliyi ola bilməzmi?

Geniş müzakirələrə səbəb olan həmin elanın yerləşdirilməsinin səbəblərini öyrənmək üçün Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə sorğu ünvanladıq.

Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıxova bildirib ki, bu addım yaranan uzun növbələrin qarşısının alınması üçün atılıb:

“Şəhər sakinləri arasında vaksin vurulmamış 50 yaş və daha yuxarı yaş qrupuna daxil olan insanların müayinəsi heç bir halda məhdudlaşdırılmayıb. Bu, vətəndaşları könüllü şəkildə vaksinasiya prosesinə cəlb etmək üçün atılan təbliğat xarakterli addımdır. Bu gün şəkər xəstələri kabinetlərin qarşısında sıxlıq yaradır. Bu növbə uzandıqca da öz-özlüyündə virusa yoluxma hallarının artmasına səbəb ola bilir”.

Qeyd edək ki, fotofakt ilk dəfə xəbərlə.com saytı tərəfindən yayılıb.