“Bəzi kolleclərin universitetlərin tabeliyinə verilməsi və yaxud mövcud kolleclərin əsasən profilinə uyğun universitetlərə təqdim olunması və tabeliyinə verilməsi əslində yaxşı addımdır”.
Bu sözləri açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspertin sözlərinə görə, hazırda da ölkədə əksər kolleclər müxtəlif universitetlərin nəzdində fəaliyyət göstərir:
“İstər Dövlət Neft və Sənaye Universitetinin, istər İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Pedaqoji Universitetin, Aqrar Universitetin və sairə, demək olar ki, əksəriyyətinin tabeliyində kolleclər fəaliyyət göstərir. Bəzi kolleclər var ki, onlar hər hansı tabelik olmadan fəaliyyət göstərirlər. Bunlar da əsasən regional kolleclərdir”.
Elçin Əfəndi hesab edir ki, kolleclərin universitetlərin tabeliyinə verilməsi ilə təhsilin keyfiyyətinin avtomatik şəkildə yüksələcəyini gözləmək doğru deyil:
“Kolleclərlə bağlı ciddi problemimiz var. Həm kollec idarəetməsi ilə bağlı, həm də kolleclərdə təhsil keyfiyyətilə bağlı problemlər mövcuddur. Bir neçə kollecimiz var ki, onlar demək olar normal təhsilə çox yaxındırlar. Digər kolleclərimizdə isə ciddi problemlər var. Bu gün əgər subbakalavr dərəcəsindən bakalavrların ali təhsil müəssisələrinə qəbul məsələsi olmasaydı, düşünün ki, kolleclərə müraciətlərin sayı kəskin şəkildə aşağı düşəcəkdi. Yalnız kolleclərin qəbul faizini artıran məhz bu qərarın qəbul edilməsidir. Nazirlər Kabinetinin qəbul etdiyi qərar subbakalavrlardan bakalavrlara keçidə imkan verib və bu da məhz kollec oxumaq istəyənlərin sayına təsir göstərib”.
Ekspertin fikrincə, əsas məsələ kollecin hansı universitetin tabeliyində olması deyil, təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsidir:
“Düşünürəm ki, kolleclərin keyfiyyətini artırmalıyıq. Yəni hansı universitetin tabeliyində fəaliyyət göstərməsi və yaxud müstəqil fəaliyyət göstərməsi bizim üçün əsas problem deyil. Əsas problem kollec təhsilinin, tədrisin keyfiyyətini artırmaqdır. 1 nömrəli və 2 nömrəli Bakı Baza Tibb Kolleci var və onlar da müstəqil fəaliyyət göstərirlər. Həmin kollecləri Tibb Universitetinin tabeliyinə verməklə biz nə isə əldə etmirik. Yalnız o zaman nə isə əldə edə bilərik ki, Tibb Universitetinin, belə deyək, infrastruktur, tədris planlaması baxımından həmin kolleclərə hər hansı bir qatqısı olsun. Əks halda, müstəqil şəkildə fəaliyyət göstərirlərsə və nəticələri də qənaətbəxşdirsə, belə bir dəyişikliyə bir o qədər də ehtiyac duymuram. Sadəcə olaraq, dediyim kimi, təhsilin keyfiyyətini biz kollec istiqamətində artırmalıyıq”.
Ekspert kolleclərin ləğvi məsələsinə də toxunub. O bildirib ki, gələcəkdə bəzi özəl kolleclərin, eləcə də tədris keyfiyyəti aşağı olan bəzi dövlət kolleclərinin ləğvi gündəmə gələ bilər:
“İndi konkret olaraq adlar səsləndirilə bilmir, çünki əksəriyyəti, dediyim kimi, bu müəssisələrin tabeliyindədir. Qaldı ki, dəyişikliklərin kollecdə təhsil alan tələbələrə və həmin müəssisələrdə çalışan müəllimlərə təsirinə, burada həm müsbətə doğru, həm də mənfiyə doğru dəyişiklik baş verə bilər. Amma böyük ehtimalla müəyyən qədər müsbət dəyişikliklər ola bilər. Yəni həm müəllim kollektivi, həm də təhsil alanlar üçün. Qaldı ki, təhsil keyfiyyətinə təsirinə, dediyim kimi, bir o qədər də müsbətə doğru dəyişiklik gözləmirəm. Çünki buraya qədər əksəriyyəti universitetlərin tabeliyində fəaliyyət göstərirdi. Amma ciddi bir dəyişiklik yox idisə, bundan sonra yenə universitetlərin tabeliyinə verilməsi ilə hansısa mühüm nailiyyət əldə edə bilməyəcəyik. Mühüm nailiyyət əldə etmək üçün kollec istiqamətində dərin islahata ehtiyac var”.
Xatırladaq ki, Milli Məclisin deputatı Anar İsgəndərov AzEdu.az və Modern.az-a açıqlamasında bəzi kolleclərin ləğv olunacağını deyib.
“Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır. Məsələn, niyə Tibb Universitetinin nəzdində tibb kolleci olmasın? Yaxud, Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibindədir. Eyni şəkildə, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetinin tərkibində olmasın? Bu istiqamətdə müəyyən işlər gedir”, – deyə millət vəkili bildirib.



