Qışda yumurta almaq daha da çətinləşəcək – Qiymətlərlə bağlı proqnoz

Kənd yumurtası da bahalaşan ərzaqlar sırasına qoşulub. Bir müddət əvvəl 20-30 qəpiyə satılan bir ədəd kənd yumurtasının qiyməti artıq 40 qəpiyə çatıb. Payız-qış mövsümündə qiymətlərin daha da yüksələ biləcəyi ilə bağlı gözləntilər alıcıları narahat edir. Quş əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli payız-qış aylarında kənd yumurtasının daha da bahalaşa biləcəyini bildirib.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Akif Nəsirli qiymət artımını bir neçə amillə izah edib:

“Kənd yumurtasının qiymətinin 20-30 qəpikdən 40 qəpiyə yüksəlməsini bir neçə iqtisadi amillə izah etmək olar. İlk növbədə, burada mövsümi amilləri, quşların yemlənməsi xərclərini, məhsuldarlığın dəyişməsini və bazarda tələb-təklif nisbətini nəzərə almaq lazımdır. 

Payız-qış aylarında havaların soyuması, təbii işıq müddətinin azalması və quşların saxlanma şəraitinə daha çox xərc çəkilməsi yumurta istehsalına təsir göstərə bilər. Bununla yanaşı, yem, nəqliyyat, enerji və digər təsərrüfat xərclərinin artması da son satış qiymətində öz əksini tapır.

Lakin qiymət artımının nə qədərinin istehsal xərcləri, nə qədərinin bazardakı tələb-təklif münasibətləri ilə bağlı olduğunu müəyyən etmək üçün konkret xərc və satış göstəricilərinə ehtiyac var”.

Ekspertin sözlərinə görə, qışda soyuq hava və gün işığının azalması toyuqların yumurta verməsini azaldır:

“Payız-qış aylarında kənd yumurtasının daha da bahalaşacağı ilə bağlı proqnoz iqtisadi baxımdan müəyyən əsaslara malikdir. Çünki soyuq mövsümdə həyətyanı təsərrüfatlarda saxlanılan toyuqların yumurta verməsi azala bilər. Sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq müəssisələrindən fərqli olaraq, fərdi təsərrüfatlarda temperatur və işıqlandırma rejimini sabit saxlamaq imkanları məhduddur. Nəticədə bazara çıxarılan kənd yumurtasının həcmi azalarsa, tələb sabit qaldığı halda qiymət yüksələ bilər. Bununla belə, bahalaşmanın mütləq baş verəcəyini və hansı həddə çatacağını indidən dəqiq demək olmaz. Qiymətə istehlakçıların alıcılıq qabiliyyəti, bazara digər yumurta növlərinin təklifi və mövsümi tələbin səviyyəsi də təsir edəcək”.

Akif Nəsirli bildirib ki, qiymət artımının səbəbləri konkret rəqəmlərlə əsaslandırılmalıdır:

“Kənd yumurtasının qiymətinin 40 qəpiyə çatmasının istehsal xərclərindəki artımla nə dərəcədə uzlaşmasına gəlincə, bunu yalnız ümumi bahalaşma faktı ilə əsaslandırmaq düzgün olmaz. Bunun üçün bir yumurtanın maya dəyərinin əvvəlki dövrlə müqayisədə necə dəyişdiyini hesablamaq lazımdır.

Toyuq yemi, xüsusilə taxıl və zülal tərkibli yemlər, quşların saxlanması, baytarlıq xidmətləri və digər xərclər əsas göstəricilərdir. Eyni zamanda, kənd yumurtasının istehsalı sənaye yumurtası ilə müqayisədə daha kiçik həcmli və mövsümi olduğundan, onun qiymətinə yalnız maya dəyəri deyil, bazara çıxarılan məhsulun miqdarı da təsir edir.

Bir məqamı da nəzərə almaq lazımdır ki, kənd yumurtasının qiymətinin 20-30 qəpikdən 40 qəpiyə yüksəlməsi əvvəlki qiymətlə müqayisədə təxminən 33-100 faiz artım deməkdir. Belə ciddi dəyişiklik varsa, onun səbəbləri konkret rəqəmlərlə izah edilməlidir. Yem və digər istehsal xərclərindəki artım bu səviyyədə deyilsə, qiymət fərqinin hansı hissəsinin təklifin azalması, vasitəçilərin marjası və ya digər bazar amilləri ilə bağlı olduğu araşdırılmalıdır. Əsas məsələ odur ki, mövsümi bahalaşma ehtimalı istehlakçılar üçün əlavə xərc yaradır, buna görə də bazardakı real vəziyyətin izlənməsi və qiymət dəyişikliklərinin iqtisadi əsaslarının aydınlaşdırılması vacibdir”.