Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) üç azərbaycanlının ölkə ərazisinə daxil olması barədə yayılan iddiaları təkzib edib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qurumdan yerli mətbuata bildirilib ki, yayılan bu məlumatlar həqiqəti əks etdirmir.
Bundan əvvəl Ermənistan kütləvi informasiya vasitələrində Mehri bölgəsində Azərbaycan tərəfindən sərhədi keçdiyi ehtimal edilən üç nəfərin axtarıldığı barədə xəbərlər yayılmışdı. İddia olunurdu ki, gecə saatlarında sərhədyanı Kuris kəndinin sakinləri mülki geyimdə olan üç naməlum şəxsi görüb və onların azərbaycanlı olduqlarını zənn ediblər. Mətbuatın məlumatına görə, axtarış tədbirlərinə təkcə Ermənistanın müvafiq xidmətləri deyil, eyni zamanda həmin ərazidə yerləşdirilmiş Rusiya sərhədçiləri də cəlb olunublar.
Hətta axtarışlar zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyi də bildirilirdi. Lakin Ermənistan MTX xəbərlərin tamamilə əsassız olduğunu vurğulayaraq, bu məlumatları təsdiqləməyib.



