8 Mart Beynəlxalq Qadınlar Gününə az vaxt qalıb. Qadınların əksəriyyəti bayramda müxtəlif hədiyyələr almaq istədiklərini bildirsələr də, bəzi xanım sənətçilərimiz müxtəlif məkanlarda çıxış edərək pul qazanacaqlar.
Sorğu keçirərək bayram günü hansı məkanda səhnə alacaqları ilə maraqlanıb.
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar bayramı evdə keçirəcəklərini deyiblər. Bacılar hansısa məkandan təklif almadıqlarını bildirib:
“Biz həmin günü evdə olacağıq. Məsləhət olarsa, bəlkə çıxış edərik, amma hələ ki, təklif yoxdur. Dəvət alsaq da baxır məkana, kimin dəvət etdiyinə, ondan sonra uyğun olsa, qəbul edirik. 8 Mart gözəl gündür, hər bayram gözəldir, amma Qadınlar Gününün yeri tam başqadır. Analarımızın günüdür. Bütün Azərbaycan qadınlarını qarşıdan gələn bayram münasibətilə təbrik edirəm”.
Müğənni Xuraman Şuşalı bəzi məkanlardan təklif alsa da, qəbul etmədiyini deyib:
“Dəvət gəldi, amma getmədim. Çünki heç o ab-havada deyiləm. Düzünü desəm, 8 Martı o qədər də önəmsəmirəm, hay-küy sevmirəm. “Bu bayram olmazsa, olmaz” deyənlərdən deyiləm. Amma bu bayramı da ailəmlə birgə keçirəcəm, onsuz da karantin boyu vaxtımızı ailəmizlə keçirmişik. İnanın, bu gedişat adamı heç bayrama yaxud başqa nəyəsə həvəsləndirmir. Artıq heç nə adamı həvəsləndirmir. Hər günümüzə şükür olsun, amma nə bilim, heç bayram ab-havam yoxdur”.
Müğənni Afət Fərmanqızı bu mövzuda açıqlama vermək istəmədiyini deyib:
“Gələn təklifləri qəbul etmək problemdir ki? Bəzi müğənnilər deyir ki, şəhidlərimiz var-filan iştirak etməyəcəyəm. Onlara demək istəyirəm ki, şəhid 30 ildir var, Allah hamısına rəhmət eləsin. 30 ildir şəhid var, bəs niyə oxuyurlar? O sözü deyən müğənnilər deməsin. Yalandan danışırlar, özləri gedib bağlarda, restoranlarda oxuyurlar, elə bilirlər xəbərimiz yoxdur. İndi özüm haqda desəm ki, bəli dəvət almışam, gedib oxuyacağam, deyəcəklər ki, Afət şəhidlərə hörmətsizlik elədi. Ona qalsa dövlət televiziyasından tutmuş, özəl kanallara qədər hamısı konsert proqramları ilə çıxış edir. Əgər bu matəmdirsə, hamı əməl eləsin. Baxın, mən özüm hazırda çəkilişə gedirəm”.