İyunun 1-də “İnnovasiya Festivalı” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında “İnnoFest Village” təşkil olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Gənclər və İdman naziri Azad Rəhimov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “İnnoFest Village”də İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, VR oyunlar, dronlarla, robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi, əyləncə zonası ilə təchiz edilmiş “Robopark” pavilyonunda olublar.
Bir neçə zonadan ibarət olan pavilyonda “Mars Academy” tərəfindən gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumatlar təqdim edilir. Proqramın hədəfi peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqda, eləcə də düzgün seçim etməkdə kömək olmaqdır.
Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən keçirilən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsinin qalibləri də “İnnoFest Village”də elan edilib.
Qalibləri təbrik edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, onların rəsmlərindən poçt markaları hazırlanaraq dövriyyəyə buraxılacaq.
“İnnoFest Village” çərçivəsində, həmçinin “Baku Open Cyber Cup” kiber idman turniri təşkil edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən turnirdə “playstation” platformasında iki oyun növü “PES 2019” üzrə yarışlar olub. Turnirdə 15 yaşdan yuxarı şəxslər iştirak ediblər. Hər bir oyun növü üzrə seçilmiş 64 iştirakçı gücünü sınayıb. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdirilib. Yarışın qalibləri pul mükafatı ilə təltif olunub.
“İnnoFest Village” öz işini bu gün də davam etdirəcək.