Noyabrın 1-də Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunan ənənəvi “Qələbə qaçışı” keçiriləcək.
Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq yarış bu il də “Qürurla irəli” şüarı altında keçiriləcək.
Altıncı dəfə təşkil olunan “Qələbə qaçışı” bu il rekord sayda iştirakçını bir araya gətirəcək. Qeydiyyatın nəticələrinə əsasən, yarışda 2000-ə yaxın insan iştirak edəcək.
Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat ianə edib. Toplanan vəsaitin tam məbləği “YAŞAT” Fonduna yönəldiləcək.
İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr məsafə qət edəcəklər. Yarış saat 10:00-da başlayacaq. Qaliblər mükafatlandırılacaqlar.
Qaçışdan sonra iştirakçıları və qonaqları konsert proqramı gözləyir. Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar səhnədə çıxış edəcəklər.
Bununla yanaşı, 31 oktyabr (saat 11:00-19:00) və 1 noyabr tarixlərində (saat 09:00-18:00) fan-zona fəaliyyət göstərəcək. Burada hər yaş qrupu üçün maraqlı fəaliyyətlər, idman proqramları və əyləncəli oyunlar təqdim olunacaq.
Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.



