Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında 85,9 milyon ədəd diri həşərat idxal edilib. Onların ümumi gömrük dəyəri 242,4 min manat olub.
Həşəratlar Rusiya, Mərakeş, Belçika, Türkiyə və Niderlanddan gətirilib. İdxalın böyük hissəsi Rusiyanın payına düşüb.
Niderlanddan cəmi 30 həşərat gətirilsə də, onların ümumi gömrük dəyəri 22,7 min manat olub. Beləliklə, bir həşəratın orta gömrük dəyəri təxminən 757 manat təşkil edib.
Bəs bu həşəratlar nə üçün gətirilib?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ötən dövrü ərzində ölkəmizə Rusiya, İsrail, Türkiyə və Belçikadan kənd təsərrüfatında istifadə olunan faydalı həşəratların, o cümlədən arıların idxalı həyata keçirilib.
Verilən məlumata görə, qeyd olunan həşəratlardan kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizənin aparılması, bitkilərin tozlanmasının təmin edilməsi, məhsuldarlığın artırılması məqsədilə istifadə olunur:
“Həmin həşəratların ölkəyə idxalı zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq baytarlıq və fitosanitar nəzarət tədbirləri həyata keçirilir. Bu çərçivədə idxal olunan həşəratların müşayiətedici sənədləri, mənşəyi və təyinatı yoxlanılır, həmçinin müvafiq laborator müayinələr aparılır”.



