Deputat Əminə Ağazadənin Hərbi Prokurorluğa məktubu

0
286

Sizlərə deputat Əminə Ağazadənin Respublikanın Hərbi prokuroruna, Müdafiə Nazirliyinə göndərdiyi məktubu təqdim edirik. Hesab edirik ki, Kürdəmir ziyalıları, ümumilikdə, Kürdəmir ictimaiyyəti bu məsələyə münasibət bildirməlidir.

” Azərbaycan Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun müavini, Ədliyyə general-leytenantı Xanlar Vəliyevə

Hörmətli Xanlar müəllim,
Azərbaycan dövlətinin, şanlı Azərbaycan əsgərinin 44 günlük zəfər salnaməsi uzun müddət yaddaşlardan silinməyəcək, gələcək nəsillərə örnək olaraq tarixə qızıl hərflərə yazılacaqdır.
Qarabağ savaşının hər günü, taleyüklü hər dəqiqəsi Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə, onun hər bir əsgər və zabiti ilə qırılmaz bağlılığının nümayişi oldu. Həmin günlərdə Ölkə Başçısının həm yenilməz sərkərdə, həm yüksək səviyyəli diplomat, eyni zamanda, hər bir əsgərinin qayğısını çəkən bir komandan olduğu bütün ictimaiyyətinə bir daha sübut edildi. Müharibə günlərdə Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın yaralı əsgər və zabitlərlə görüşlərində hər kəs bu isti münasibətin, qayğının şahidi oldu.
Bu gün Azərbaycan əsgəri dünyanın ən müasir silahları ilə təmin edildiyi kimi, müharibədə yaralanmış qazilərimiz də bir o qədər diqqət və qayğı ilə əhatə edilmişlər. Müalicə aldıqları tibb ocaqlarında onların sağalaraq ayağa qalxmaları üçün dövlətimizin bütün imkanlarından maksimum istifadə edilir.
Lakin təəssüflə qeyd etməliyəm ki, bəzi hallarda dövlət orqanlarında təmsil olunan bəzi vəzifəli şəxslərin hər hansı diqqətsizliyi, öz işinə, dövlətin ona verdiyi tapşırıqlara etinasız münasibəti yaralı əsgərlərimizin valideyinlərində, ictimaiyyətdə haqlı narazılıqlara səbəb olur.
Məlumat üçün bildirirəm ki, 30 dekabr 2020-ci il tarixində Azərbaycan ordusunun giziri, Kürdəmir rayonu, Qarasaqqal kənd sakini Nuriyev Rəhman Təvəkkül oğlu Azərbaycan Tibb Universitetinin Tədris Cərrrahiyə Klinikasında iki ay müddətində müalicə aldıqdan sonra Müdafiə Nazirliyi Hərbi hospitalına gətirilmiş, oradan heç bir sənəd təqdim edilmədən, ailə üzvlərinə məlumat verilmədən, müşaətsiz halda təsadüfi yol maşını ilə yaşadığı Kürdəmir rayonuna yola salınmışdır. Əlavə olaraq qeyd edim ki, qış fəsli üçün uyğun olmayan paltar geyindirilmiş qazimiz uzun saatlar ərzində, heç bir təhlükəsizliyi təmin edimədən avtomobildə qapalı halda gözləmək məcburiyyətində qalmışdır. Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək ağır yaralanmış, hər iki gözünü itirmiş bir əsgərə göstərilən bu münasibət rayon ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmış və haqlı narazılığa səbəb olmuşdur.
Baş vermiş hadisə ilə əlaqədar olaraq araşdırma aparılmasını və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsini xahiş edirəm.
Milli Məclisin deputatının statusuna uyğun olaraq deputat sorğsuna qanunla nəzərdə tutulmuş müddətdə cavab verilməlidir.

Hörmətlə, Əminə Ağazadə”