Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA

0
349

Son günlər sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından 16 dekabr saat 00:00-dan Azərbaycan Respublikasının qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb.

Yayılan məlumatlar əhali arasında narahatlığa səbəb olub. Məlumatın nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini dəqiqləşdirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ünvanladıq. 

Nazirlikdən  bildirilib ki, yayılan məlumatlar həqiqətləri əks etdirmir.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ictimaiyyətə bu kimi məlumatları KİV vasitəsilə çatdırır.

“Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər”, – deyə məlumatda bildirilib.