Daha bir ölkədə “Telegram”a giriş qadağan edildi – Ekstremizm və kibercinayət iddiası

İordaniya İctimai Təhlükəsizlik İdarəsi ölkədə “Telegram” messencerinə girişin bağlandığını açıqlayıb.

Qurumun məlumatına görə, messencerin bloklanması rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və istifadəçilərin qorunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.

İdarənin bəyanatında “Telegram”ın ekstremizm və fundamentalizmin yayılması, eləcə də kibercinayətlərin törədilməsi üçün platforma kimi istifadə olunduğu qeyd edilib. Hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, bu cür fəaliyyətlər milli təhlükəsizlik üçün təhdid yaradır.

Bildirilib ki, İordaniya hakimiyyəti rəqəmsal xidmətlərdən istifadə etməklə həyata keçirilən, qanunvericiliyi pozan təhdid və qanunsuz fəaliyyətlərə son qoymaq niyyətindədir.

Bloklamanın müddəti və texniki detalları ilə bağlı əlavə məlumat verilməyib.

“Telegram”ın və ya hüquq müdafiə təşkilatlarının İordaniyanın bu qərarına hələlik rəsmi reaksiyası yoxdur.