Norveçli psixoloqlar xoşbəxt həyatın düşündüyümüzdən fərqli olduğunu müəyyən ediblər. Araşdırmaya görə, mənalı və ahəngdar həyat sürmək üçün insan yalnız müsbət deyil, mənfi emosiyalar da yaşamalıdır.
Tromsödəki Norveç Arktika Universitetinin alimləri 40 illik müşahidələr əsasında xoşbəxtlik və həyat məmnuniyyəti ilə bağlı maraqlı nəticələr əldə ediblər. Araşdırmanın nəticələri “Psychology Today” nəşrində dərc olunub.
Tədqiqatın müəlliflərindən olan professor Joar Vittersö hesab edir ki, xoşbəxtliyi daimi sevinc və müsbət emosiyalarla eyniləşdirmək düzgün deyil. Alimlər xoşbəxt həyatla bağlı beş mühüm məqamı müəyyən ediblər.
1. Mənfi emosiyalar da lazımdır
Dolğun həyat həmişə xoş hisslər demək deyil. Kədər və narahatlıq kimi emosiyalar insanı problemlər barədə xəbərdar edir, onları həll etməyə və vəziyyəti dəyişməyə sövq edir.
2. İnsanların dəyərləri dəyişə bilər
Xarici şərait və baş verən hadisələr insanın prioritetlərinə təsir göstərir. Bəzi dəyərlər vəziyyətə uyğun dəyişsə də, əsas əxlaqi prinsipləri qorumaq şüurlu yanaşma tələb edir.
3. İnsan həyatından məmnunluğunu qiymətləndirə bilir
Araşdırma göstərib ki, insanlar həyatlarının müxtəlif tərəflərini nəzərə alaraq ümumi məmnunluq səviyyələrini qiymətləndirmək qabiliyyətinə malikdirlər.
4. Əxlaqlı olmaq xoşbəxt olmaqdan daha vacibdir
Sorğuda iştirak edənlərin 80-90 faizi yaxşı insan olmağı sadəcə xoşbəxtlik hissindən daha üstün tutduqlarını bildiriblər. Bununla belə, gündəlik problemlər və emosional vəziyyət insanların həyat məmnuniyyətinə daha çox təsir göstərir.
5. Xoşbəxtliyi ölçmək düşündüyümüz qədər asan deyil
Alimlər hesab edirlər ki, standart xoşbəxtlik testləri insan həyatının keyfiyyətini tam əks etdirmir. Çünki xoşbəxtlik yalnız zövq və sevincdən ibarət deyil. Buraya şəxsi potensialın reallaşdırılması, özünüinkişaf və həyatın mənasını tapmaq da daxildir.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, həqiqi rifah daim xoşbəxt hiss etmək deyil, həyatın həm müsbət, həm də mənfi tərəflərini qəbul edərək mənalı yaşamaqdır.



