Mərkəzi Bankın məlumatına görə, sentyabr ayında ölkədə kirayə mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz, avqust ayına nisbətən isə 1,9 faiz yüksəlib. Xüsusilə Bakıda mənzil kirayələmək tələbələr, gənc ailələr və paytaxtda işləyən bölgə sakinləri üçün getdikcə daha böyük maliyyə yükünə çevrilir. Kirayə bazarında qiymət artımının hansı amillərlə bağlı olduğu, bu tendensiyanın davam edib-etməyəcəyi və mənzil sahiblərinin qiymətləri süni şəkildə artırıb-artırmadığı suallar doğurur.
Bəs kirayə mənzillərin bahalaşmasının əsas səbəbləri hansılardır? Növbəti aylarda kirayə mənzillərin qiymətlərində artım davam edəcək?
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı mövzu ilə bağlı Musavat.com-a deyib ki, kirayə mənzil bazarında müşahidə edilən qiymət artımı təsadüfi deyil:
“Bu, bir sıra iqtisadi, demoqrafik və struktur amillərin nəticəsidir. Mərkəzi Bankın açıqladığı rəqəmlər də bu tendensiyanı təsdiqləyir. Sentyabr ayında kirayə haqlarının illik müqayisədə 5,7 faiz, aylıq müqayisədə isə 1,9 faiz artması bazarda qiymət təzyiqinin davam etdiyini göstərir. Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatlarına əsasən, yeni tikililərdə aylıq artımın 3,1 faiz, köhnə tikililərdə isə 1,1 faiz təşkil etməsi də diqqətçəkən məqamdır. Burada əsas məsələlərdən biri mənzilə sahib olmaq imkanlarının məhdudlaşmasıdır. Satış bazarında qiymətlər yüksəldikcə mənzil almaq imkanına malik olmayan əhali kirayə bazarına yönəlir. Bu isə öz növbəsində kirayə mənzillərə əlavə tələb formalaşdırır. Başqa sözlə, satış bazarındakı bahalaşma müəyyən mənada kirayə bazarına ötürülür. Digər mühüm amil iqtisadi aktivliyin, məşğulluq imkanlarının və ali təhsil müəssisələrinin böyük hissəsinin paytaxtda cəmləşməsidir. Bakı hər il yeni tələbələri, əmək bazarına daxil olan gəncləri və regionlardan gələn vətəndaşları qəbul edir. Lakin bu tələbin qarşılığında məhz orta və aşağı gəlirli əhali üçün nəzərdə tutulan mənzil təklifi eyni sürətlə genişlənmir. Biz burada maraqlı bir iqtisadi paradoksla qarşılaşırıq: şəhərdə yeni binaların sayı artır, amma əlçatan mənzil problemi öz aktuallığını qoruyur. Deməli, məsələ yalnız mənzil fondunun kəmiyyətində deyil, onun hansı gəlir qrupları üçün əlçatan olmasındadır. İnflyasiya, təmir və mənzilin saxlanılması xərclərinin artması, daşınmaz əmlakın investisiya vasitəsi kimi cəlbediciliyini qoruması da kirayə qiymətlərinə təsir edən faktorlardır”.

“Mənzil sahibləri qiymətləri süni şəkildə artırırlarmı” sualına cavab olaraq AQP rəsmisi qeyd edib ki, bazarın bütün iştirakçılarını qiymətləri süni şəkildə artırmaqda ittiham etmək iqtisadi baxımdan doğru olmazdı:
“Lakin ayrı-ayrı hallarda mövsümi tələbdən istifadə edərək qiymətlərin bazar səviyyəsindən daha yüksək müəyyənləşdirilməsi mümkündür. Xüsusilə kirayə bazarında vahid və şəffaf informasiya sisteminin kifayət qədər inkişaf etməməsi subyektiv qiymət formalaşmasına şərait yaradır. Bəzən mənzil sahibi öz əmlakının real bazar dəyərinə deyil, qonşuluqdakı elanların qiymətinə əsaslanır. Halbuki elan qiyməti ilə faktiki müqavilə qiyməti eyni anlayış deyil. Düşünürəm ki, bu məsələdə əsas problem yalnız qiymətlərin yüksək olması deyil, qiymətlərin hansı meyarlar əsasında formalaşdığının kifayət qədər şəffaf olmamasıdır. Bazar iqtisadiyyatında mülkiyyətçinin öz əmlakından gəlir əldə etmək hüququ var. Bununla yanaşı, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların düzgün məlumatlandırılması da olduqca vacibdir”.

“Növbəti aylarda kirayə mənzillərin qiymətlərində artım davam edəcəkmi” sualına isə Günay İsmayılqızı belə cavab verib:
“Hazırkı iqtisadi göstəriciləri və tələb-təklif nisbətini nəzərə alsaq, yaxın aylarda kirayə bazarında kəskin ucuzlaşma gözləntisi üçün ciddi iqtisadi əsas görmürəm. Bununla belə, sentyabr ayında müşahidə olunan artım tempinin hər ay eyni səviyyədə davam edəcəyini söyləmək də düzgün olmazdı. Tədris ilinin başlanması ilə əlaqədar yaranan mövsümi aktivlik zəiflədikcə bazarın müəyyən seqmentlərində qiymətlərin sabitləşməsi mümkündür. Xüsusilə metrostansiyalara, ali təhsil müəssisələrinə və iş mərkəzlərinə yaxın ərazilərdə kirayə qiymətlərinin yüksək səviyyəsini qoruyacağı ehtimalı daha böyükdür. Burada nəzərə alınmalı olan digər mühüm məqam əhalinin ödəmə qabiliyyətidir. Kirayə qiymətləri gəlirlərin artım tempini davamlı şəkildə üstələyərsə, müəyyən mərhələdə bazar özü bu artımı məhdudlaşdırmağa başlayacaq. Çünki mənzil sahibinin tələb etdiyi qiymətlə kirayəçinin ödəyə bildiyi məbləğ arasında sonsuz fərq yarana bilməz. Yaxın perspektivdə daha real ssenari qiymətlərin yüksək səviyyədə qalması və ayrı-ayrı seqmentlərdə mülayim artımın davam etməsidir”.
Kirayə bazarında qiymətlərin daha şəffaf və əlçatan olması üçün hansı mexanizmlər tətbiq edilməlidir?
Ekspert hesab edir ki, məsələnin həllinə yalnız qiymətlərin tənzimlənməsi prizmasından yanaşmaq kifayət deyil:
“Burada kompleks və uzunmüddətli iqtisadi mexanizmlərə ehtiyac var. İlk növbədə, faktiki kirayə əməliyyatları haqqında məlumatların toplandığı vahid elektron informasiya sisteminin yaradılması məqsədəuyğun olardı. Mənzilin yerləşdiyi ərazi, sahəsi, texniki vəziyyəti və infrastruktur imkanları nəzərə alınmaqla bazar üzrə istinad qiymətlərinin müəyyənləşdirilməsi həm mülkiyyətçilər, həm də kirayəçilər üçün faydalı ola bilər. Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən daşınmaz əmlak bazarı üzrə indekslərin hazırlanması və ictimaiyyətə təqdim edilməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Bazar iştirakçılarının obyektiv məlumatlara çıxış imkanlarının genişlənməsi qiymətlərin daha əsaslandırılmış şəkildə formalaşmasına xidmət edir.
İkinci istiqamət kirayə münasibətlərinin rəsmiləşdirilməsinin təşviq edilməsidir. Elektron müqavilələrin geniş tətbiqi, tərəflərin hüquq və öhdəliklərinin aydın müəyyənləşdirilməsi, uyğun təşviq mexanizmlərinin yaradılması bazarın leqallaşmasına və institusional inkişafına töhfə verə bilər. Bununla yanaşı, sosial kirayə mənzil fondunun yaradılması və genişləndirilməsi, tələbə yataqxanalarının sayının artırılması, gənc ailələr üçün əlçatan mənzil proqramlarının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Dünya təcrübəsində peşəkar idarə olunan, uzunmüddətli kirayə üçün nəzərdə tutulmuş yaşayış kompleksləri də mövcuddur. Azərbaycanda bu istiqamətdə dövlət-özəl sektor əməkdaşlığı əsasında yeni layihələrin həyata keçirilməsi bazarda sağlam rəqabəti gücləndirə bilər. Digər tərəfdən, Bakıətrafı ərazilərdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və regionlarda məşğulluq imkanlarının genişləndirilməsi paytaxtın mənzil bazarı üzərində formalaşan təzyiqin azalmasına xidmət edər. Qiymətlərə sərt inzibati müdaxilə isə hər zaman arzuolunan nəticəni vermir. Əksinə, belə yanaşma bəzi hallarda təklifin azalmasına və qeyri-rəsmi bazarın genişlənməsinə səbəb ola bilər. Biz qiyməti inzibati qaydada deyil, onu formalaşdıran iqtisadi şəraiti dəyişməklə tənzimləməliyik.
Nəticə etibarilə, mənzil əlçatanlığı yalnız daşınmaz əmlak bazarının göstəricisi deyil, həm də ölkənin sosial-iqtisadi inkişafının keyfiyyət göstəricisidir. İnsan öz gəlirinin böyük hissəsini yaşayış yerinə xərcləmək məcburiyyətində qalırsa, bu, onun yığım imkanlarına, istehlak davranışına və gələcək iqtisadi qərarlarına birbaşa təsir göstərir. Ona görə də məqsədimiz sadəcə daha ucuz mənzil deyil, gəlirlərlə mənzil xərcləri arasında dayanıqlı iqtisadi tarazlığın formalaşdırılması olmalıdır”.



