Alimlər insan beyninin inkişafında təkamülün rolunu izah edə biləcək yeni mexanizm müəyyən ediblər.
Tayvan və Yaponiyadan olan tədqiqatçılar DACH1 geninin fəaliyyətini tənzimləyən DNT hissəsini araşdırıblar. Məlum olub ki, həmin hissədəki təkamül dəyişiklikləri beynin inkişafı üçün vacib olan xüsusi sinir kök hüceyrələrinin formalaşmasına təsir göstərə bilər.
Araşdırma zamanı müəyyən edilib ki, bu mexanizm beyin qabığının inkişafında iştirak edən bazal radial qlial hüceyrələrin sayını və xüsusiyyətlərini dəyişdirir. Həmin hüceyrələr beyin qabığının formalaşmasında mühüm rol oynayır.
Tədqiqatçılar təcrübələr zamanı insan və makaka meymunlarının beyin orqanoidlərindən, eləcə də siçan modellərindən istifadə ediblər.
Nəticələr göstərib ki, DACH1 geninin tənzimlənməsindəki dəyişikliklər sinir hüceyrələrinin formalaşmasına və beyin şəbəkələrinin təşkilinə təsir edə bilər.



