Dünyadan “ərzaq yığın” ÇAĞIRIŞI: Niyə məhz 3 gün? – ŞOK DETALLAR

Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı.

Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?

Müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmək üçün artıq tanklara, tüfənglərə və ya raketlərə ehtiyac qalmır.

Sadəcə bir kliklə başladılan kiberhücumlar vasitəsilə internet infrastrukturu sıradan çıxarılır, enerji axını kəsilir, bank sistemləri və qida tədarükü zənciri iflic edilir. Bütün bunlar isə dövlətin iqtisadi və sosial nizamına ciddi zərbə vurur.

Buna əyani misal kimi son zamanlar Fransa, İsveçrə, Belçika və Lüksemburqdakı bəzi supermarketlərə təşkil olunan kiberhücumları göstərmək olar. Hücumlar nəticəsində soyuducu və dondurucuların temperaturu 50 dərəcəyə qədər qaldırılıb. Nəticədə avadanlıqlarda yanğın baş verib, yüzlərlə qida məhsulu xarab olub və milyonlarla avro həcmində maddi zərər dəyib.

İkinci mühüm amil isə təbii fəlakətlər və iqlim böhranıdır. Dünyanın dörd bir yanında baş verən güclü daşqınlar, meşə yanğınları, anomal istilər və şiddətli fırtınalar gündəlik həyatı iflic edir. Bu fəlakətlər səbəbindən yollar bağlanır, elektrik və su təchizatında fasilələr yaranır, kənd təsərrüfatı sahələri büyük zərər görür. Bütün bunlar ərzağa əlçatanlığı çətinləşdirir və tədarük zəncirində ağır axsamalara yol açır.

Dünyanın müxtəlif bölgələrində səngiməyən müharibələr və artan geosiyasi gərginlik də ayrı bir narahatlıq mənbəyidir. Yaxın Şərqdəki qarşıdurmalar, ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafında yaşanan gərginlik və Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizliyi təhdid etməkdə davam edir. Eyni zamanda, bu qarşıdurmaların daha da böyüyərək Üçüncü Dünya Müharibəsinə çevrilmə ehtimalı da var. Belə bir vəziyyətdə yarana biləcək çətinliklərə qarşı indidən hazırlıqlı olmaq tələb olunur.

Niyə məhz “72 saat” xəbərdarlığı edilir?

Xüsusi olaraq 3 günlük (72 saatlıq) ehtiyatın görülməsi çağırışının səbəbi genişmiqyaslı böhranlar zamanı ilk üç gün ərzində xilasetmə və yardım qruplarının hər kəsə eyni anda çatmaqda çətinlik çəkmə ehtimalıdır. Məhz buna görə də vətəndaşlardan ən azı üç günlük təməl ehtiyaclarını əvvəlcədən təmin etmələri istənilir.

Bu xəbərdarlıqlar yaxın vaxtlarda böyük bir fəlakətin baş verəcəyi anlamına gəlmir. Dövlətlərin vətəndaşlarına verdiyi mesaj olduqca sadədir: Böhran qapını döymədən əvvəl hazırlıqlı olun!