“Uşaqlarda yuxu rejiminin pozulması ilk növbədə onların gündəlik əhvalına və davranışına təsir edir”.
Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı Regina Nemətova açıqlayıb.

Onun sözlərinə görə, uşaq kifayət qədər yatmadıqda gün ərzində daha əsəbi, diqqətsiz və tez yorulan ola bilər:
“Yuxu uşağın beyin inkişafı, yaddaşı və öyrənmə qabiliyyəti üçün çox vacibdir. Uzun müddət davam edən yuxu çatışmazlığı immun sisteminə və ümumi fiziki inkişafına da mənfi təsir göstərə bilər. Bəzən valideynlər uşağın yorğun olduğunu düşünür, amma əslində yuxu çatışmazlığı uşağın daha aktiv və narahat görünməsinə səbəb olur”.
R.Nemətova qeyd edib ki, xüsusilə axşam saatlarında telefon, planşet və televizordan istifadə yuxuya getməyi çətinləşdirə bilər:
“Ona görə də uşağın yaşına uyğun yuxu müddəti ilə yanaşı, hər gün mümkün qədər eyni saatlarda yatıb-durması da vacibdir”.



