İsraildə baş verən partlayış nəticəsində 20-yə yaxın insan xəsarət alıb

İsrailin şimalında, Livanla sərhəd yaxınlığında yerləşən Ramim dağ silsiləsi ərazisində baş verən partlayış nəticəsində məktəblilər və müəllimlər daxil olmaqla 20-yə yaxın insan xəsarət alıb.

Bu barədə “Magen David Adom” (MDA) təcili yardım xidmətinin məlumatında deyilir.

Tibb işçilərinin məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti kritikdir, iki nəfər ağır, daha üç nəfər isə orta ağır dərəcəli xəsarət alıb. Daha 15 yaralının vəziyyəti qənaətbəxşdir.

Müəyyən edilib ki, partlayış Peer müşahidə meydançasının yaxınlığında məktəb ekskursiyası zamanı baş verib. Partlayışa partlamamış sursatın detonasiyasının səbəb olduğu ehtimal olunur.

İsrail Müdafiə Ordusu partlayışın başvermə hallarının araşdırılmasına başladığını bildirib.