“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hazırlanmış “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilib.

Dövlət Agentliyindən bildirilib ki, texniki reqlament bir sıra qabaqcıl ölkələrin müvafiq sahədəki təcrübəsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanıb.

Sözügedən Texniki Reqlamentdə oyuncaqlara dair konstruksiya, material, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilər üzrə məcburi tələblərin tətbiqi, bazara buraxılmazdan əvvəl oyuncaqların akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq sxemlər üzrə məcburi sertifikatlaşdırılması və uyğunluq nişanı ilə nişanlanması nəzərdə tutulub.

Texniki Reqlament istehlak bazarının təhlükəli oyuncaqlardan qorunmasına kömək etməklə yanaşı, istehlakçılarını çaşdıra biləcək hərəkətlər və haqsız rəqabət hallarının aradan qaldırılmasını təmin edəcək.

Qeyd edək ki, Texniki Reqlament 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqları əhatə edir və dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir. Qüvvəyə mindikdən sonra Texniki Reqlamentin tələblərinə uyğun olmayan və ya həmin sənəddə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş oyuncaqları istehsal etmək, satışa çıxarmaq, satmaq, idxal etmək və ya istifadə etmək qadağandır. Texniki Reqlament onun qüvvəyə minməsindən əvvəl idxal olunan, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və dövriyyəyə buraxılan, habelə istifadədə olan oyuncaqlara və ona əlavə edilmiş siyahıda oyuncaq sayılmayan məhsullara, fərdi sifarişlə hazırlanmış oyuncaqlara və sərgi nümunələrinə şamil edilmir.

Agentlik Texniki Reqlamentin yaxın gələcəkdə qüvvəyə minməsi ilə əlaqədar oyuncaqların istehsalı, idxalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərini öz fəaliyyətlərini bu Texniki Reqlamentin tələblərinə uyğunlaşdırmağa çağırır. Texniki Reqlamentin tətbiqi ilə bağlı hər hansı suallar yarandığı təqdirdə, təsərrüfat subyektləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsi (https://www.competition.gov.az) və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət edilə bilərlər.

Qeyd: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən 44 milli texniki reqlament layihəsi hazırlanıb. Bir müddət öncə “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib.