Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkə ərazisinə təşkil etdiyi kütləvi hava hücumlarının ağır nəticələrini açıqlayıb.
Ukrayna lideri öz müraciətində hücumlar zamanı bir Azərbaycan vətəndaşının da həlak olduğunu bildirərək onun yaxınlarına başsağlığı verib.
Zelenski çıxışında Rusiya ordusunun gecə və səhər saatlarında həyata keçirdiyi zərbələrin miqyasını təfərrüatı ilə diqqətə çatdırıb: “Bütün gecə və səhər boyunca Rusiya regionlarımıza hücum edir. Xarkovda çoxmərtəbəli yaşayış binasına qəddar zərbə endirilib, ikinci və dördüncü mərtəbələr qismən dağılıb. Kiyevdə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində mülki yaşayış binaları, rabitə obyektləri və yanacaqdoldurma məntəqələri zərər görüb. Sıravi bir kafe dağıdılıb, paytaxtın ərzaq bazarını yandırmağa cəhd olunub. Odessa vilayətində Palau bayrağı altında üzən gəmi vurulub. Jitomir oblastında dondurma zavodu, Sumı, Rovno, Xarkov və Odessa vilayətlərində isə yaşayış binaları zədələnib. Vinnitsa, Dnepropetrovsk, Xmelnitski və Zaporojye oblastlarında kritik infrastruktura ziyan dəyib”.
Ukrayna Prezidenti qeyd edib ki, hücumlar nəticəsində onlarca yaralı var, yalnız Xarkovda 9-u uşaq olmaqla 28 nəfər xəsarət alıb. Zelenski Kiyev vilayətində iki nəfərin həlak olduğunu, onlardan birinin Azərbaycan vətəndaşı olduğunu xüsusi vurğulayaraq onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.



