Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı həlak olan hərbçilərin xilasedici jiletlərlə təmin edilmədiyini açıqlayıb.
Tokayev bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi müşavirədə bildirib.
Prezident təlimlərin hazırlanmasına və keçirilməsinə, hərbi qulluqçuların təminatına, eləcə də təhlükəsizlik tədbirlərinə cavabdeh vəzifəli şəxslərin fəaliyyətinin qiymətləndirilməsini tapşırıb. Müdafiə Nazirliyində kompleks yoxlamaya başlanılıb.
Qeyd edək ki, hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı qeydə alınıb. İlkin məlumatlara görə, hərbçilərin olduğu qayıqdan şəxsi heyətin sahilə çıxarılması zamanı hava şəraiti kəskin pisləşib. 14 hərbçi həlak olub, 3 nəfər isə xilas edilib.
Hadisədən sonra Tokayev müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib. Onun yerinə Qazaxıstan Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aydos Mırzahmetov təyin olunub.



