Zidandan bərbərlərlə bağlı qadağa

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan komandanın Klerfontendəki bazasında gündəlik həyatda dəyişikliklər etməyə başlayıb.

“L’Équipe” qəzetinin məlumatına görə, mütəxəssis oyunçuların bərbərlərinin milli komandanın təlim-məşq toplanışına buraxılmaması qərarına gəlib. Ümumiyyətlə, məşqlər başladıqdan sonra təlim-məşq toplanışına kənar şəxslərin girişi məhdudlaşdırılacaq.

Bu qərar Zidanın komandasının “hazır” olmasını və qarşıya qoyulmuş məqsədə – Millətlər Liqasını qazanmağa yönəlməsini istəməsi ilə bağlıdır.

Zidan milli komandanın baş məşqçisi vəzifəsində Didye Deşamı əvəz edib.

Fransa millisi bir gün əvvəl Zinəddin Zidanın rəhbərliyi altında ilk oyununu keçirdi – Millətlər Liqasının (A Liqası) qrup mərhələsinin ilk turunda Türkiyə millisini 1:0 hesabı ilə məğlub etdi.