Şahzadə Diana ABŞ-nin birinci xanımı ola bilərdi – Qardaşından sensasion açıqlama

Şahzadə Diananın qardaşı, qraf Çarlz Spenser bacısının vaxtilə ABŞ-nin birinci xanımı ola biləcəyini açıqlayıb.

Çarlz Spenser bu barədə “Swan Song: Diana, My Sister” adlı memuarında yazıb.

Onun sözlərinə görə, Diana boşandıqdan sonra amerikalı siyasətçilərdən biri ona xüsusi maraq göstərməyə başlayıb. Spenser iddia edir ki, həmin siyasətçi Diananı özü üçün ideal həyat yoldaşı hesab edir və onunla evliliyin prezident seçkilərində qələbə şansını artıracağına inanırdı. Qardaşının sözlərinə görə, Diana həmin siyasətçiyə şəxsi baxımdan maraq göstərməsə də, birinci xanım statusu ehtimalını ciddi şəkildə düşünüb. Lakin sonda bu variantdan imtina edib.

Çarlz Spenserin “Swan Song: Diana, My Sister” memuarı sentyabrın 22-də işıq üzü görüb. Müəllif kitabda ilk dəfə bacısının həyatı ilə bağlı bir sıra detalları geniş şəkildə bölüşüb. Spenser bildirib ki, kitabı yazmaq qərarında 2027-ci ildə Şahzadə Diananın ölümünün 30-cu ildönümünün tamamlanması da rol oynayıb.

Kitabın yayımlanmasının kral ailəsində narazılığa səbəb olduğu da bildirilir. Belə ki, Şahzadə Uilyam və Kral III Çarlz memuarda Diananın şəxsi həyatı ilə bağlı detalların açıqlanmasından narazıdırlar.