Baş nazir Nikol Paşinyan bildirib ki, əvvəlki dövrdə Ermənistan və Rusiya arasındakı münasibətlərə təsir edən ən əhəmiyyətli amil Ermənistan-Azərbaycan münaqişəsi olub.
O, BMT Baş Assambleyasının tribunasından çıxış edərək bildirib ki, “Rusiya ilə münasibətlərimiz transformasiya mərhələsindədir və bu, təbii bir prosesdir, çünki əvvəlki dövrdə Ermənistanla Rusiya arasındakı münasibətlərə təsir edən ən əhəmiyyətli amil Ermənistan-Azərbaycan münaqişəsi olub”.
Onun sözlərinə görə, “indi Azərbaycanla sülh qurduğumuz üçün Ermənistanla Rusiya arasında münasibətlər təbii olaraq dəyişəcək və biz bu münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsini istəyirik”.
Baş nazir ölkənin ümumi xarici siyasətindən danışarkən qeyd edib ki, Ermənistan çoxqütblülük məntiqinə əsaslanan balanslaşdırılmış kursa sadiqdir.
Onun sözlərinə görə, son illərdə İrəvan Fransa, Çin, Almaniya, Böyük Britaniya və ABŞ da daxil olmaqla bir sıra ölkələrlə, eləcə də Avropa İttifaqı ilə strateji münasibətlər qurub.
Paşinyanın sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi Ermənistanın xarici siyasətində əsas əhəmiyyət kəsb edir:
“Digər iki qonşumuz olan İran İslam Respublikası və Gürcüstanla münasibətlər bizim üçün müstəsna əhəmiyyət kəsb edir və mehriban qonşuluq münasibətlərimiz inkişaf etməyə və dərinləşməyə davam edir”.
Baş nazir bildirib ki, İrəvan Ankara ilə yüksək səviyyəli dialoq aparır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini qətiyyətlə davam etdirir.



