Sentyabrın 21–25-də Bakıda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi, 16–21 yaşlılar arasında ölkə çempionatı və gənclər arasında “Koreya Səfiri Kuboku” turniri təşkil olunacaq.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidməti məlumat yayıb.
Dörd gün davam edəcək uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatında Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərindən olan taekvondoçular çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışın ilk iki günündə 2015–2017-ci il təvəllüdlü uşaqlar, son iki günündə isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.
Uşaqlar arasında yarışda oğlanlar və qızlar 27, 30, 33, 36, 40, 44, 48, 52, 57 və +57 kq çəki dərəcələrində qalibləri müəyyənləşdirəcəklər.
16–21 yaşlıların mübarizəsində isə oğlanlar 54, 58, 63, 68, 74, 80, 87, +87 kq, qızlar isə 46, 49, 53, 57, 62, 67, 73 və +73 kq çəkilərdə dayanq üzərinə çıxacaqlar.
Sentyabrın 25-də isə gənclər arasında birgünlük “Koreya Səfiri Kuboku” təşkil olunacaq. Turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından 2009–2011-ci il təvəllüdlü taekvondoçular mübarizə aparacaqlar. Gənc oğlanlar 48, 55, 63, 73, +73 kq, gənc qızlar isə 44, 49, 55, 63 və +63 kq çəki dərəcələrində yarışacaqlar.
Qeyd edək ki, yarışlar Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubunda keçiriləcək. Turnirlər ATF-in təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və milli qurumun qüvvədə olan normativ tələblərinə uyğun təşkil olunacaq.




