Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində “100 faiz təbii”, “şəkərsiz”, “qatqısız” kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanın ön hissəsindəki məlumatlara deyil, onun tərkibinə və qida dəyərinə də diqqət yetirmək vacibdir.
Bəs, meyvə şirəsi alarkən “100 faiz təbii”, “şəkərsiz”, “qatqısız” kimi ifadələrə nə dərəcədə güvənmək olar və istehlakçı məhsul seçərkən əsasən hansı göstəricilərə – tərkibinə, qida dəyərinə, marka və ya qiymətinə diqqət etməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, “qatqısız”, “şəkərsiz”, “100 faiz təbii” kimi ifadələrin hər biri müştərini cəlb etmək üçün hesablanmış sözlərdir. Çünki bu ifadələr məhsulun üzərində iri hərflərlə yazılır və müştərinin diqqətini ilk növbədə həmin sözlər cəlb edir.
“Halbuki məhsulun arxa və yan hissələrində onun tərkibi, konsentratı, meyvə püresi, hansı yaşdan istifadə oluna biləcəyi və istehsal prosesindən keçmə qaydaları barədə məlumatlar qeyd olunur. Bu məlumatlar bir neçə dildə, o cümlədən rus, ingilis, Azərbaycan və türk dillərində yazılır, lakin çox xırda hərflərlə qeyd edilir. Xüsusilə yaşlı nəslin nümayəndələri bu yazıları oxumaqda çətinlik çəkə bilərlər. Bu, marketinq və ticarət baxımından müştərinin diqqətini cəlb etməyə hesablanmış bir yanaşmadır. Reklam xarakterli ifadələr iri hərflərlə yazıldığı halda, məhsulun tərkibi çox xırda hərflərlə göstərilir. Ona görə də müştəri bu cür ifadələrə kor-koranə inanmamalıdır. Məsələn, məhsulun üzərində “şəkərsiz” yazıla bilər, amma tərkibində müxtəlif şəkər qatqıları ola bilər. Bu da insanlarda sağlamlıqla bağlı müəyyən fəsadlara səbəb ola bilər”.
Ekspert bildirib ki, “100 faiz təbii” ifadəsinin yazılması da məhsulun birbaşa bağdan yığılmış meyvədən hazırlanması demək deyil:
“Meyvə şirələrinin tərkibində meyvə konsentratı ola bilər və məhsul emal prosesindən keçdikdən sonra qablaşdırılaraq satışa çıxarılır. Əsas məsələ markaya deyil, məhsulun tərkibinə və etiket üzərindəki məlumatlara diqqət yetirməkdir. Məhsulun tərkibi və markalanması ilə bağlı məlumatlar etiketdə öz əksini tapmalıdır. Ən böyük problemlərdən biri istehlakçının “təbii”, “şəkərsiz”, “qatqısız” kimi ifadələri avtomatik olaraq sağlam məhsul kimi qəbul etməsidir. Bu, düzgün yanaşma deyil. Məhsulun üzərində nə qədər böyük və diqqətçəkən ifadələr yazılırsa yazılsın, tərkibi haqqında məlumatlar da diqqətlə oxunmalıdır. İstehlakçı məhsulu almazdan əvvəl onun tərkibinin nə olduğunu bilməlidir”.
Onun sözlərinə görə, meyvənin özünü yemək şirə içməkdən daha üstün seçimdir:
“Çünki bütöv meyvədə liflər qorunur və bu, toxluq hissinin formalaşmasına kömək edir. Şirədə isə əlavə şəkər olmasa belə, meyvənin təbii şəkərinin daha konsentrasiyalı formada qəbul edilməsinə səbəb ola bilər. Digər tərəfdən, bahalı məhsul avtomatik olaraq keyfiyyətli məhsul demək deyil. Bəzən insanlar məşhur firmaların məhsullarını avtomatik olaraq sağlam məhsul kimi qəbul edirlər. Bu isə düzgün yanaşma deyil. İlk növbədə məhsulun brendinə və nüfuzuna deyil, tərkib siyahısına diqqət yetirmək, oradakı məlumatlarla tanış olduqdan sonra məhsuldan istifadə etmək lazımdır”.



