Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Azərbaycan Respublikasının Xalq artisti, görkəmli opera sənətçisi Fidan Hacıyevanın 50 illik yubileyi və 30 illik sənət fəaliyyətinin qeyd olunması münasibətilə Azərbaycan opera tarixində ilk dəfə genişmiqyaslı, üç ay davam edəcək Opera Festivalı keçiriləcək.

Sentyabrın 7-də start götürəcək festival ölkənin mədəni həyatında mühüm sənət hadisələrindən biri olmaqla yanaşı, Azərbaycan opera sənətinin təbliği və gənc istedadların dəstəklənməsi baxımından da xüsusi əhəmiyyət daşıyacaq.

Festival Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə həyata keçiriləcək. Üç ay ərzində müxtəlif konsert proqramlarının təşkili nəzərdə tutulur. Festivalın coğrafiyası Bakı ilə məhdudlaşmayaraq Azərbaycanın müxtəlif bölgələrini, eləcə də bir sıra xarici ölkələri əhatə edəcək.

Festival çərçivəsində Azərbaycan opera sənətinin klassik və müasir nümunələri təqdim olunacaq, yerli və xarici sənətçilərin iştirakı ilə müxtəlif proqramlar təşkil ediləcək.

Layihənin əsas istiqamətlərindən biri isə “Gənclərin səsi – gənclərə dəstək” adlı xüsusi konsert proqramıdır. Bu layihə gənc opera və vokal ifaçılarının böyük səhnədə çıxış etməsinə, peşəkar sənətçilərlə bir səhnəni bölüşməsinə, səhnə təcrübəsi qazanmasına və yaradıcılıq imkanlarını geniş auditoriyaya təqdim etməsinə şərait yaradacaq.

Festivalın gənc istedadlara xüsusi diqqət ayırması Azərbaycan vokal məktəbinin yeni nəslinin formalaşmasına və onların beynəlxalq səhnəyə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Üç ay davam edəcək Opera Festivalının möhtəşəm bağlanış mərasiminin 7 dekabr 2026-cı ildə Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur. Bağlanış konserti Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq. Gecənin xüsusi qonağı isə Xalq artisti Fidan Hacıyeva olacaq. Sənətçi İspaniyanın məşhur Flamenko Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcək.

Fidan Hacıyevanın yaradıcılıq fəaliyyətinin 30 illiyinə və 50 illik yubileyinə həsr olunan bu festival yalnız yubiley tədbirləri silsiləsi deyil, həm də Azərbaycan opera sənətinin inkişafına, milli vokal məktəbinin təbliğinə, gənc ifaçıların dəstəklənməsinə və ölkəmizin zəngin musiqi irsinin beynəlxalq səviyyədə təqdim edilməsinə xidmət edən böyük mədəniyyət layihəsidir.

Festival çərçivəsində keçiriləcək konsertlərin sənətsevərlər, musiqi ictimaiyyəti və xüsusilə gənc vokal ifaçıları üçün əlamətdar yaradıcılıq platformasına çevriləcəyi gözlənilir.

Altun Süleymanov

“seherqazeti.az” saytının xüsusi müxbiri