ABŞ prezidenti Donald Trampın İrana qarşı müharibədə gözlədiyi nəticəni əldə edə bilməməsi onun müttəfiqlərinə qarşı ritorikasını sərtləşdirib.
Bu barədə “The Washington Post” yazıb.
Bildirilir ki, Tramp bu həftə ABŞ-ın müttəfiqi olan və Vaşinqton-Tehran arasında vasitəçilik edən Omana zərbə endirməklə hədələyib. Daha sonra isə Hörmüz boğazı və Oman, BƏƏ, İranın bir hissəsini “ABŞ-ın yeni ərazisi” kimi göstərən xəritə yayımlayıb.
ABŞ lideri həmçinin İranı dəstəkləyən ölkələrə qarşı genişmiqyaslı iqtisadi təzyiq tətbiq ediləcəyini açıqlayıb. Banklar, neft şirkətləri, hava limanları və gəmiçilik qurumları da mümkün sanksiyaların hədəfindədir.
Qəzetin yazdığına görə, müharibə son həftələrdə faktiki olaraq dalana dirənib. ABŞ-ın İran ərazisinə zərbələri və Tehranın Körfəz ölkələrindəki ABŞ müttəfiqlərinə hücumları azalıb. Vaşinqton isə hərbi əməliyyatları genişləndirmək əvəzinə iqtisadi təzyiqi artırmağa çalışır.
Ekspertlər bildirirlər ki, sanksiyalar İran iqtisadiyyatına ciddi zərər vursa da, Tehranı Vaşinqtonun əsas tələblərinə güzəştə getməyə məcbur etməyib. Xüsusilə Hörmüz boğazında normal gəmiçilik hələ də təmin olunmayıb.
Bu vəziyyət Körfəz ölkələrini də çətin seçim qarşısında qoyub. Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ həm ABŞ-la münasibətləri qorumağa, həm də İranla razılaşaraq ticarət yollarının təhlükəsizliyini təmin etməyə çalışır.



