Azərbaycan ədəbiyyatına, jurnalistikasına və mədəniyyətinə uzun illər səmərəli xidmət göstərən tanınmış şairə, publisist, jurnalist, çoxsaylı kitabların müəllifi Zərəngiz Dəmirçi Qayalı (Mansurova) Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) Qadınlar Şurasının sədri seçildi.
Zərəngiz xanım 20 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə jurnalistika sahəsində başlayan Zərəngiz xanım 1993-cü ildən AZƏRTAC-da çalışır. O, uzun illər bu nüfuzlu informasiya agentliyində şərəflə fəaliyyət göstərib, 10 il məsləhətçi, son 15 il isə qurumun Mədəniyyət Departamentinin müxbiri kimi Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin geniş təbliğinə mühüm töhfələr verib. Zərəngiz xanımın bütövlükdə görürdükdə Mədəniyyət Nazirliyi ilə 44 illik əmək stajı var.
Peşəsinə yüksək sədaqəti, zəngin yaradıcılığı və ictimai fəallığı ilə seçilən Zərəngiz Dəmirçi Qayalı həm də məhsuldar qələm sahibidir. O, poeziya və publisistika sahəsində qələmə aldığı əsərlərlə oxucuların rəğbətini qazanmış, bu günədək 8 kitabın müəllifi kimi Azərbaycan ədəbi mühitində özünəməxsus yer tutmuşdur.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Zərəngiz xanımın fəaliyyəti dövlət və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. O, 2009–2010-cu illərdə Prezidentin Xüsusi Təqaüd Fondunun təqaüdünə layiq görülüb, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə mənzillə mükafatlandırılıb. 2024-cü ildə Beynəlxalq Mahmud Kaşğari mükafatına, 2025-ci ildə isə “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.
Onun yaradıcılığı və ictimai fəaliyyəti ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Zərəngiz xanım 2017-ci ildən Türkiyənin İLESAM və ASKEF yazar təşkilatlarının, 2022-ci ildən Dərbənd “Gülüstan” Yazarlar Birliyinin, 2025-ci ildən isə Şimali Amerika Yazarlar Birliyinin üzvüdür. Bu fakt onun Azərbaycan ədəbiyyatının və milli-mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərin bariz göstəricisidir.
Yaradıcılıq fəaliyyəti ilə yanaşı, dəyərli ziyalımız ailə dəyərlərinə də böyük önəm verir. O, ailəlidir, dörd övlad və üç nəvə anasıdır.
İllərdir Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəaliyyətində yaxından iştirak edən, Qadınlar Şurasının sədr müavini kimi fəal çalışaraq, dəyərli təşəbbüslərlə yadda qalan Zərəngiz xanım zəngin həyat və yaradıcılıq təcrübəsi, yüksək təşkilatçılıq bacarığı və milli-mənəvi dəyərlərə sadiqliyi nəzərə alınaraq Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədri seçilib.
Bu münasibətlə Zərəngiz xanımı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və fəaliyyətində yeni uğurlar arzulayırıq.
İnanırıq ki, onun rəhbərliyi ilə Qadınlar Şurası Azərbaycan qadınının zəngin mənəvi irsinin təbliği, milli dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də dünya azərbaycanlı qadınlarının həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm layihələrə və faydalı təşəbbüslərə imza atacaq.
Zərəngiz Dəmirçi Qayalıya bu şərəfli vəzifədə uğurlar arzulayır, onun zəngin təcrübəsi və yaradıcı potensialı ilə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəaliyyətinə bundan sonra da mühüm töhfələr verəcəyinə inanırıq.




