Dövlət dəstəyi almaq istəyən özəl bağçaların diqqətinə – Kamera olmalıdır!

“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli əsasında keçiriləcək müsabiqənin şərtlər toplusu” təsdiqlənib.

Şərtlər toplusuna əsasən, dövlət dəstəyi almaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin təqdim etdiyi layihələr 100 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndiriləcək. Qiymətləndirmə zamanı təhsil haqqının səmərəliliyi, təhsilalanların pedaqoji işçilərə nisbəti, pedaqoji heyətin ixtisas uyğunluğu və iş təcrübəsi, lisenziyanın qüvvədə olma müddəti, müəssisənin özünümaliyyələşdirmə potensialı və digər meyarlar nəzərə alınacaq. Müsabiqənin qalibləri ən yüksək yekun bal toplamış layihələr arasından seçiləcək.

Bununla yanaşı, müsabiqədə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələri üçün bir sıra texniki və təşkilati tələblər də müəyyən edilib. Belə ki, tədris otaqlarında müşahidə kameraları quraşdırılmalı, onların fasiləsiz fəaliyyəti təmin edilməli və kameralara dair giriş məlumatları Elm və Təhsil Nazirliyinə təqdim olunmalıdır.

Yeni tələblər dövlət dəstəyi mexanizminin şəffaflığının artırılmasına, məktəbəqədər təhsil müəssisələrində təhlükəsiz və keyfiyyətli təhsil mühitinin təmin edilməsinə, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın daha səmərəli təşkilinə xidmət edir.