İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Trampın Ağ Evdə keçirəcəyi görüşdən bir gün əvvəl “Jerusalem Post” qəzeti Türkiyəni hədəf alan yazı dərc edib.
Nəşr Türkiyənin sosial media vasitəsilə İsraildə keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığını iddia edib.
Qəzet İsrail təhlükəsizlik rəsmilərinə istinadən Türkiyəni seçkilərə müdaxilə edə biləcək xarici aktorlar sırasında İranla eyni kateqoriyada göstərsə də, bu iddiaları təsdiqləyən hər hansı konkret fakt, sosial media hesabı və ya platforma barədə məlumat təqdim etməyib. Məqalənin davamında isə Türkiyə ilə bağlı əlavə detalların yer almaması diqqət çəkib.
Məlumatın Netanyahunun Trampla görüşü ərəfəsində dərc olunması onun ictimai rəyə təsir məqsədi daşıdığı barədə iddiaları gücləndirib.
Qeyd olunub ki, liderlər arasındakı görüşdə ABŞ-İsrail münasibətləri, Qəzza, İran və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi, Netanyahunun Türkiyə ilə bağlı narahatlığını da Trampa çatdıracağı gözlənilir.




