Hazırda Ukrayna, Yaxın Şərq və Asiyada gedən müharibələr geniş mənada bir-biri ilə kəsişmir. Lakin bu münaqişələrin qlobal müharibəyə çevrilməsi ehtimalını istisna etmək olmaz.
Bu fikri “Financial Times” qəzetinin eksperti Gideon Rahman bildirib.
Rahman xatırladıb ki, ötən həftəsonu İran Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisini batırdığını və nəticədə bir dənizçinin öldüyünü bəyan edib. Ukrayna tərəfi isə Xəzər dənizində İran gəmilərinə uzaq məsafədən zərbələr endirdiyini təsdiqləyərək bildirib ki, hədəf Rusiyaya hərbi yüklər daşıyan hərbi yük gəmiləri olub.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski də Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmək üçün daha 30 min hərbçi göndərməyə hazırlaşdığını açıqlamışdı. Rahman qeyd edib ki, 2024-cü ildə Şimali Koreya qoşunlarının ilk dəstəsi cəbhəyə çatanda Zelenski bunu “dünya müharibəsinə doğru ilk addım” adlandırmışdı.
“İndi isə ukraynalılar İranla birbaşa qarşıdurmaya girdiklərinə görə demək olar ki, ikinci addım da atılıb”, – deyə şərhçi vurğulayıb.
Rahman qeyd edib ki, Birinci və İkinci Dünya müharibələri dünyanın ən güclü dövlətləri arasında birbaşa qarşıdurma ilə səciyyələnirdi. Onun sözlərinə görə, hazırkı hərbi münaqişələr də artıq müəyyən mənada bu xüsusiyyətlərə uyğun gəlməyə başlayıb.
Rahmanın fikrincə, Rusiya, Çin, İran və Şimali Koreya arasında getdikcə güclənən yaxınlaşma bəzi amerikalı strateqlərin bu dörd ölkəni “rəqiblər oxu” kimi xarakterizə etməsinə səbəb olub.
O hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Amerikanın ənənəvi müttəfiqlərinin bir çoxuna qarşı tez-tez nümayiş etdirdiyi sərt münasibət, eləcə də İsrailin Avropada və Fars körfəzi ölkələrinin bir hissəsində “təcrid olunmuş dövlət” kimi qəbul edilməsi antiamerikan blokuna qarşı vahid cəbhənin formalaşdırılmasını çətinləşdirir.




