Pentaqon gizli arxivləri açdı: Bakı-Tbilisi qatarında NƏ BAŞ VERİB?

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) səmada qeydə alınan naməlum uçan obyektlərlə bağlı onilliklərdir gizli saxlanılan kəşfiyyat materiallarının üçüncü rəsmi paketini ictimaiyyətə açıqlayıb. FTB, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) və Pentaqonun arxivlərindən çıxarılan 72 məxfi sənəddə keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda baş vermiş çox qəribə hadisələrin gizli hesabatları yer alıb.

Açılan məxfi qovluqlar arasında ən diqqətçəkən hadisələrdən biri birbaşa Bakı ilə bağlıdır. Sənədlərdə vaxtilə Bakı-Tbilisi marşrutu üzrə hərəkət edən sərnişin qatarında səfər edən bir ABŞ vətəndaşının (kəşfiyyat agentinin) şahidliyi yer alıb. Amerikalı sərnişin qatar yolda olarkən pəncərədən səmada qırıcı təyyarə ölçüsündə, tamamilə üçbucaq formalı qeyri-adi obyekt gördüyünü bildirib. Onun sözlərinə görə, həmin sirli obyekt yerdən qəfildən havaya qalxaraq səmada bir neçə spiralvari manevr edib və sürətlə buludların arasında gözdən itib. Hadisənin ən maraqlı tərəfi isə odur ki, obyekt görünən an qatarın bələdçisi dərhal pəncərələrin pərdələrini qapadıb. Sonradan məlum olub ki, sərnişinlərin bunu görməməsi üçün pərdələri dərhal bağlamaq əmrini qatarda olan SSRİ Daxili İşlər Nazirliyinin (DİN/MVD) gizli əməkdaşı verib.

Arxiv sənədlərində yer alan digər sensasion faktlar aşağıdakılardır:

  • Budapeşt-Moskva xətti (1956-cı il): MKİ-nin informasiya hesabatında bir amerikalının verdiyi ifadə əks olunub. Belə ki, onun Budapeştdə yaşayan bacısı qızı 1955-ci ilin noyabrında yazdığı məktubda Macarıstan rəsmilərinin və yerli sakinlərin həftələrlə səmada görünən NLO-ları müzakirə etdiyini yazıb. Sənədə Budapeşt və Moskva arasındakı hərəkət trayektoriyasını göstərən xüsusi marşrut xəritəsi-rəsmi də əlavə edilib.
  • Hesabatların birində iddia edilir ki, uçan boşqablar əslində İkinci Dünya müharibəsi zamanı faşist Almaniyasının gizli hərbi layihələri olub və müharibədən sonra SSRİ ilə ABŞ həmin texnologiyaları qənimət kimi öz ölkələrinə daşıyıblar. Eyni zamanda, amerikalı və avstraliyalı alimlər 1947-ci ildən bəri əmin olublar ki, NLO-lar SSRİ-nin gizli hərbi silahıdır. Moskvada rəsmi səfərdə olmuş bir astrofizikin ifadəsinə görə, Sovet İttifaqında NLO-lardan kosmik silah kimi istifadə edilməsi pərdəarxası müzakirə olunub və sovet HHM sistemləri onları havada tutmağa (ələ keçirməyə) çalışıb.
  • Sarı-Şaqan poliqonundakı hadisə (1973-cü ilin yayı): SSRİ-nin hava hücumundan və raketdən müdafiə sistemlərinin sınaqdan keçirildiyi məxfi “Sarı-Şaqan” hərbi poliqonunda növbətçilikdə olan sovet əməkdaşlarından biri axşam saatlarında səmada parlaq yaşıl rəngli dairəvi obyekt görüb. Cəmi 15 saniyə ərzində həmin yaşıl dairə səmada genişlənib, onun ətrafında bir neçə yaşıl halqa (həlqə) peyda olub və daha sonra partlayış bənzəri bir parıltı ilə yoxa çıxıb.

Pentaqonun bu sənədləri kütləvi şəkildə rəsmən dövriyyəyə buraxması, soyuq müharibə illərində supergüclərin anomal hadisələri bir-birinə qarşı gizli texnoloji üstünlük və hərbi casusluq predmeti kimi dərindən araşdırdığını növbəti dəfə təsdiqləyir.