Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi

“Bank BTB” ASC öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrildiyini elan edib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə “Bank BTB” ASC-nin müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə əvvəlcədən razılıq verilmişdi.

Bankın aktivləri və öhdəlikləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürülüb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aiddir.