Yunanıstanı narahat edən “Polad qübbə”: Egeydə yeni güc balansı

Türkiyənin müdafiə sənayesi sahəsindəki son nailiyyətləri Yunanıstan mediasının diqqət mərkəzində qalmağa davam edir. 

Bu dəfə Yunanıstanın “Pentapostagma” nəşri bununla bağlı məqalə dərc edib.

Nəşr “ASELSAN” tərəfindən “Polad qübbə” hava müdafiə sistemi üçün hazırlanan “DRONEDEF” əks-tədbir kompleksinin Egey dənizində təhlükəsizlik balansına təsir göstərə biləcəyini yazıb.

Məqalədə bu sistem “Yunan pilotsuz uçuş aparatlarını kor etməyi hədəfləyən 8 qatlı şəbəkə” kimi təqdim edilib. Xəbərdə Türkiyənin son illərdə PUA və dron əleyhinə texnologiyalara yatırımlarını sürətlə artırdığı vurğulanıb.

Məlumata görə, “ASELSAN”-ın iyunun 6-da keçirdiyi təqdimatda nümayiş etdirilən “DRONEDEF” sistemi mini və mikro PUA-lara qarşı fəaliyyət göstərən “İHTAR”, “EJDERHA” və “GÖKBERK” sistemləri ilə inteqrasiya olunub. Sistem təxminən 10 kilometr məsafəyədək hədəfləri aşkarlamaq imkanına malikdir.