Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək

Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır.

Bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

Onun sözlərinə görə, yük hava limanının tikintisinə 2024-cü ilin martında başlanılıb və bu, Azərbaycanın azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı olacaq.

Valeh Ələsgərov bildirib ki, hava limanı yüksək texnologiyalı şirkətlərin cəlb edilməsinə və zonanın logistika imkanlarının genişlənməsinə xidmət edəcək.

O əlavə edib ki, investorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmətlər və əlverişli logistika imkanları vacibdir.