Dünya şöhrətli model indi zibillikdən yemək axtarır

Dünya mediasının və jurnal qapaqlarının şıltaq simalarından olan məşhur model karyerasının zirvəsində yaşadıqları şəxsi və maddi itkilərdən sonra tanınmaz hala düşüb. Səs-küylü boşanma prosesi və keçirdiyi mənəvi sarsıntılar səbəbindən işini, evini və bütün yığımlarını itirən ulduz son illər Los-Anceles küçələrində çox ağır şəraitdə yaşayır.

Bir zamanlar fit bədəni ilə hamını heyran qoyan Loni Uillisonun lüks həyatı 2014-cü ildə “Sahil keşikçiləri” serialının aktyoru Ceremi Ceksonla ayrılıqdan sonra alt-üst olub. Bu ayrılığın yaratdığı güclü emosional travma onun psixi sağlamlığına ciddi zərbə vurub. Şiddətli qorxu və depressiya ilə mübarizə aparan ulduz zamanla cəmiyyətdən uzaqlaşmağa başlayıb. 2016-cı ilə qədər hər şeyini itirən model artıq səkkiz ildir ki, küçələrdə əlində market arabası ilə həyatda qalmağa çalışır.

Hazırda tanınmaz dərəcədə dəyişən və keçmiş fəaliyyətindən tamamilə uzaqlaşan keçmiş ulduz ona edilən sığınacaq və yardım təkliflərini də rədd edir. Bir vaxtlar şou-biznesin mərkəzində olan bu sənətçinin indiki acınacaqlı vəziyyəti psixoloji çətinliklərin bir insanın həyatını necə dərindən sarsıda biləcəyinin növbəti sübutudur.