Mayenin buz formasında mədəyə düşməsi qan dövranını pozur və mədədə qidanın saxlanmasına səbəb olur. Ona görə də yemək və içkilərdə buz qəbulu qastrit, xora və böyrək iltihabı olanlar üçün xeyli təhlükəlidir.
Bunu Rusiyanın tanınmış tibb mütəxəssislərindən olan Aleksandr Umnov yerli mediaya açıqlamasında deyib.
O qeyd edib ki, insanların çox buzun boğaz üçün problemlər yaratmasına inanır: “Amma məsələ ondadır ki, buz təkcə boğaz üçün deyil, həm də mədə-bağırsaq traktı üçün təhlükəlidir. Mədə-bağırsaq traktına daxil olan buz qan dövranına ciddi təsir edə bilir. Uşaqların qidalanması zamanı buzdan istifadə isə olduqca təhlükəlidir. Bu, fərqli şəkildə reaksiyalar yaradır, şiddətli qusmadan tutmuş komaya düşməyə qədər müxtəlif reaksiyaların şahidi ola bilərsiniz. Əsasən, “buz yanması”, iltihab və boğaz ilə mədənin səthində travmalar meydana gəlir”.
Mütəxəssis qeyd edib ki, isti günlrdə belə buzlu qida seçimi ən yaxşı halda ağrı, ürəkbulanma və gəyirmə ilə nəticələnir. Bundan əlavə, istənilən buzlu içki iltihabın inkişafı üçün əlverişli şərait yaradır, bu,damar spazmlarına səbəb olur və bununla da virus, bakteriyaların bədənə daxil olmasını asanlaşdırır.
Ekspert onu da əlavə edib ki, viruslar və bakteriyalar bədəndə passiv şəkildə mövcud olsalar da, buz qəbulundan sonra “yatmış” sayılan bakterilar aktivləşə bilərlər. Bədən qeyri-aktiv vəziyyətdə onlarla mübarizə apara bilirsə, virusların aktiv fazaya keçməsindən sonra onlarla mübarizə aparmaq daha çətin olur və insan ağır şəkildə xəstələnməyə başlayır.




