Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir.
Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.
O bildirib ki, bu istiqamətdə ölkəmizin UNEP-lə səmərəli əməkdaşlığı mövcuddur, xüsusilə də bu məsələnin qlobal gündəliyə çıxarılması istiqamətində fəaliyyət davam etdirilir.
“Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycan üç Xəzəryanı ölkə — Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli işçi qrupları yaradıb. Bu qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur”, – nazir vurğulayıb.




