Aqrar Subsidiya Şurası kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin artırılması ilə bağlı yeni qərarlar qəbul edib. Yeni mexanizmə əsasən, fermerlərin istehsal məqsədilə banklardan götürdüyü kreditlərin illik faiz dərəcəsinin 19 faizə qədər olan hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq.
Bu barədə məlumat Kənd Təsərrüfatı nazirliyinin mətbuat konfransında qeyd olunub.
Bu güzəşt çəltik, qarğıdalı, pambıq, şəkər çuğunduru, tütün, həmçinin müxtəlif dənli və dənli paxlalı bitkilərin istehsalı üçün nəzərdə tutulub.
Eyni zamanda, müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikasında subsidiya əmsallarına yenidən baxılıb. Belə ki, müasir suvarma sistemləri altında olan kartof, tərəvəz və bostan əkinləri üçün hər hektara görə ənənəvi suvarma ilə müqayisədə 150 manat artıq subsidiya ödəniləcək. Şuranın bu addımı kənd təsərrüfatında məhsuldarlığı artırmaq və fermerlərin maliyyə yükünü azaltmaq hədəfi daşıyır.




