Bölgələrdə otellərdə qalmaq bahalaşıb? – Ən son qiymətlər

Yay mövsümündə Azərbaycanın bölgələrində otellərin qiymətləri seçilən bölgəyə, otelin səviyyəsinə və həftəiçi və ya həftəsonu olmasına görə dəyişir. Qiymətlər əsasən 2 nəfərlik standart otaqlar üçün nəzərdə tutulur və əksər hallarda səhər yeməyi, Wi-Fi, hovuzdan istifadə, bəzi otellərdə isə SPA, sauna və fitnes zalı xidmətləri qiymətə daxil olur.

Quba və Qusar istiqamətində otellərdə 2 nəfərlik otaqların qiyməti həftəiçi günlərdə orta hesabla 90-180 manat, həftəsonu isə 130-250 manat arasında dəyişir. Daha sadə otellərdə qiymətlər 70-100 manatdan başlasa da, premium hotellərdə və istirahət mərkəzlərində daha yüksək olur. Bu bölgədə 4 nəfərlik kotec və ailə otaqlarının qiyməti isə adətən 250 manat və daha yuxarı səviyyədədir.

Qəbələ yay aylarında ən çox tələb görən və nisbətən bahalı istiqamətlərdən hesab olunur. Burada 2 nəfərlik standart otaqların qiyməti həftəiçi 120-250 manat, həftəsonu isə 180-350 manat arasında dəyişir. Premium resort və hotellərdə qiymətlər daha yüksək ola bilər. Qiymətə adətən səhər yeməyi, hovuz, SPA və digər istirahət xidmətləri daxildir.

Şəki, Qax və Zaqatala bölgələri daha münasib qiymətləri ilə seçilir. Bu istiqamətlərdə 2 nəfərlik otaqlar həftəiçi 70-140 manat, həftəsonu isə 100-190 manat arasında dəyişir. Əksər otellərdə səhər yeməyi və internet xidməti qiymətə daxildir, bəzi hotellərdə hovuz və digər istirahət imkanları da təqdim olunur.

İsmayıllı son illərdə turistlərin daha çox üz tutduğu bölgələrdən biridir. Burada 2 nəfərlik otaqların qiyməti həftəiçi 80-170 manat, həftəsonu isə 120-250 manat arasında dəyişir. Bölgədə yerləşən istirahət mərkəzləri və dağ hotellərində səhər yeməyi, hovuz, uşaq əyləncə zonaları və bəzi hallarda SPA xidmətləri qiymətə daxil edilir.

Şamaxıda otellərin qiymətləri həftəiçi günlərdə 80-170 manat, həftəsonu isə 120-240 manat arasında dəyişir. Burada da qiymətə əsasən səhər yeməyi və hovuzdan istifadə daxildir. Tam qidalanma paketləri seçildikdə qiymətlər daha yüksək olur.

Lənkəran və Lerik bölgələri yay mövsümündə həm dəniz, həm də dağ turizminə maraq göstərənlərin seçimləri arasındadır. Bu bölgələrdə 2 nəfərlik otaqların qiyməti həftəiçi 80-160 manat, həftəsonu isə 120-220 manat arasında dəyişir. Daha komfortlu hotellərdə qiymətlər 250 manata qədər yüksələ bilir. Əksər hotellərdə səhər yeməyi, internet xidməti və bəzi hallarda hovuzdan istifadə qiymətə daxildir.

Ümumilikdə, həftəsonu qiymətləri həftəiçi günlərlə müqayisədə orta hesabla 20-50 faiz daha yüksək olur. Büdcəyə qənaət etmək istəyənlər üçün həftəiçi günlərdə rezervasiya etmək, həmçinin ailə və ya dostlarla birlikdə kotec və ya villa kirayələmək daha sərfəli hesab edilir. İyun ayının ilk yarısı və sentyabrın əvvəllərində də qiymətlər iyul-avqust ayları ilə müqayisədə daha münasib olur. Bu baxımdan, Şəki, Qax və Zaqatala daha büdcə dostu istiqamətlər hesab olunduğu halda, Qəbələ, Quba-Qusar və bəzi premium istirahət mərkəzlərinin yerləşdiyi İsmayıllı bölgəsi daha yüksək qiymətləri ilə seçilir.