Qəhrəmanlıq Unudulmur

Qəbələ rayonundan şəhid Ağəşirin Babayevin mövlud günü dərin ehtiramla qeyd olunub. Tədbirdə Qəbələ TV-nin media nümayəndələri, şəhidin təhsil aldığı 3 saylı məktəbin direktoru və müəllim kollektivi, Qəbələ şəhid ailələri, rayon sakinləri, ictimaiyyət nümayəndələri, müxtəlif qurum rəhbərləri, din xadimləri, eləcə də şəhidin yaxınları və ailə üzvləri iştirak ediblər.

Anım tədbiri zamanı əvvəlcə şəhidin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb. Daha sonra Qurani-Kərimdən ayələr tilavət edilib, şəhidin əziz xatirəsi dualarla yad olunub.

Tədbirdə çıxış edənlər şəhid Ağəşirin Babayevin Vətən uğrunda göstərdiyi şücaətdən, qəhrəmanlıq yolundan və gənclərə örnək olan həyatından danışıblar. Şəhidin valideynləri onlara göstərilən diqqət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Sonda şəhidin ata ocağında onun əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub, iştirakçılar şəhidimizin ruhuna dualar oxuyublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

Təranə Alməmmədova 

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri