“Huawei” ağıllı saat çıxardı – Şəkəri ölçə bilir

Huawei yeni nəsil “Watch Fit 5” ağıllı saatlarının satışa çıxarıldığını elan edib. Model həm standart, həm də təkmilləşdirilmiş pro versiyasında təqdim olunub.

Baza versiyası 1,82 düymlük AMOLED ekranla təchiz edilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edir. Saatın korpus qalınlığı 9,5 millimetr, çəkisi isə 27 qramdır.

Daha güclü “Pro” modifikasiyası isə 1,95 düymlük böyüdülmüş ekran əldə edib. Bu modelin maksimal parlaqlığı 3000 nitə çatır və cihazın çəkisi 31,6 qram təşkil edir. Bu barədə Click or Die məlumat yayıb.

Hər iki modelin əsasını “TruSense” optik sensor sistemi təşkil edir. Sistem altı LED və altı fotodiod olmaqla ümumilikdə 12 sensoru birləşdirir.

Ağıllı saatlar ürək ritmini, qandakı oksigen səviyyəsini ölçə, həmçinin elektrokardioqramma (EKQ) qeydə ala bilir.

Cihazların diqqət çəkən xüsusiyyətlərindən biri qanda şəkər səviyyəsinin qeyri-invaziv üsulla qiymətləndirilməsi funksiyasıdır. Bununla belə, istehsalçı bu funksiyanın rəsmi tibbi diaqnostika vasitəsi kimi tanınmadığını vurğulayıb.

Saatlarda idman rejimlərinin sayı da artırılıb. Yeni profillər sırasında tennis, badminton, basketbol, qaçış və velosiped idmanı üçün xüsusi rejimlər yer alıb.

İstehsalçı bildirir ki, cihaz adi istifadə rejimində yeddi günə qədər, enerji qənaəti rejimində isə on günədək avtonom işləyə bilir. Batareyanın tam doldurulması təxminən bir saat çəkir.

“Huawei Watch Fit 5” modelinin Avropada başlanğıc qiyməti 200 avro təşkil edir. “Pro” versiyası isə bundan 100 avro baha satılacaq.

Ağıllı saatların rəsmi təqdimatdan sonra yaxın həftələrdə Avropa mağazalarında satışa çıxarılması gözlənilir.