Dünyanın 22 ölkəsinin 113 limanında İsrailə silah daşınmasına qarşı kütləvi etirazlar keçirildi…

Dünyanın müxtəlif ölkələrində liman işçiləri İsrailə, eləcə də digər istiqamətlərə silah və hərbi texnika daşınmasına etiraz olaraq kütləvi tətil və nümayişlər keçiriblər. Oktyabrın 30-da baş tutan beynəlxalq aksiyaya 22 ölkənin 113 limanını təmsil edən 25-dən çox həmkarlar ittifaqı qoşulub. Etirazlar nəticəsində bir sıra limanlarda yükləmə-boşaltma işləri dayandırılıb, gəmilərin hərəkətində gecikmələr yaranıb, bəzi bərə reysləri isə ləğv edilib.

“Reuters” agentliyinin məlumatına görə, ən ciddi fasilələr Yunanıstan və Fransada qeydə alınıb.

Yunanıstanın Pirey limanında təxminən 3 min işçi tətilə qoşulub. Nəticədə yük əməliyyatları dayandırılıb, adalarla bərə əlaqəsində problemlər yaranıb. Etirazlar dənizçilərin əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi ayrıca tətil fonunda baş verib.

Fransada 24 saatlıq tətil ölkənin ən böyük limanlarını, o cümlədən Marsel və Havr limanlarını əhatə edib. “AFP”-nin məlumatına əsasən, Havr limanında yükləmə-boşaltma əməliyyatları demək olar ki, tamamilə dayanıb. Haropa liman administrasiyası səkkiz gəminin limana girişinin gecikdiyini, bir kruiz gəmisinin isə girişinin ləğv edildiyini bildirib. Bununla belə, qurum ümumi fəaliyyətə dəyən zərərin məhdud olduğunu qeyd edib.

Dünkerk limanında konteyner terminalı fəaliyyətini davam etdirsə də, toplu və maye yüklərlə bağlı əməliyyatlar dayandırılıb. Nant-Sen-Nazer limanında isə doqquz gəmi xidmət göstərilmədən körpülərdə qalıb.

İtaliyada Genuya, Livorno, Triest, Coya-Tauro və digər liman şəhərlərində tətil və nümayişlər keçirilib. Livorno şəhərində “USB” həmkarlar ittifaqı limanın fəaliyyətinin tamamilə dayandırıldığını açıqlayıb. Adalara istiqamətlənən iki gəmi körpüdə gözləməli olub. Aksiya təşkilatçılarının bildirdiyinə görə, nümayişlərdə liman işçiləri, tələbələr və digər peşə sahibləri də daxil olmaqla, təxminən 20 min nəfər iştirak edib.

Oxşar etiraz aksiyaları İspaniya, Türkiyə, Mərakeş və bir sıra digər ölkələrdə də baş tutub.

Aksiya iştirakçıları mülki limanlardan silah, döyüş sursatı və hərbi texnikanın daşınması üçün istifadə edilməsinə qarşı çıxıblar. Onlar İsrailə hərbi təchizatın dayandırılması ilə yanaşı, əməkhaqlarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və silahlı münaqişə bölgələrində çalışan dənizçilərin təhlükəsizliyinin təmin olunmasını da tələb ediblər.

“Ports in Action” koalisiyası və “No Harbour For Genocide” hərəkatı daha əvvəl tətilin ümumi dəyəri 2,8 milyard dollar olan təxminən 52 min konteynerə təsir göstərə biləcəyini açıqlamışdı. Lakin Reuters bu rəqəmlərin müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyini vurğulayır.

Beynəlxalq miqyasda geniş yayılan etirazlara baxmayaraq, onların qlobal yükdaşımalarına faktiki təsiri limanlar üzrə fərqli olub. Bəzi limanlarda işlər bir sutka dayandırılıb, digərlərində isə qısamüddətli tətillər və nümayişlər keçirilib.

Hazırda bu aksiyalar nəticəsində İsrailə təchizat zəncirində genişmiqyaslı fasilələrin yarandığı barədə məlumat yoxdur.