İlk uşağın valideynin yeniyetmə yaşlarında və ya 20 yaşın əvvəlində dünyaya gəlməsi gələcək həyatda daha aşağı təhsil səviyyəsi, az gəlir və sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Bu nəticəyə Kanadalı alimlər gəliblər. Araşdırma “PLOS One” jurnalında dərc olunub.
Tədqiqat psixoloq Jordan Mak Donald və alim Devid Spid tərəfindən aparılıb. Onlar erkən valideynliyin mənfi nəticələrinin hansı yaşdan sonra zəifləməyə başladığını müəyyən etməyə çalışıblar.
Təhlil üçün Kanadada keçirilən sosioloji sorğuda iştirak edən 6,2 mindən çox yetkin şəxsin məlumatlarından istifadə olunub. Tədqiqatçılar ilk bioloji uşağın dünyaya gəldiyi yaşı təhsil səviyyəsi, gəlir, fiziki və psixi sağlamlıq, eləcə də ümumi həyat məmnuniyyəti ilə müqayisə ediblər.
Məlum olub ki, ən ciddi çətinliklər 16 yaşında valideyn olan şəxslərdə müşahidə edilir. Onların yalnız təxminən 40%-i məktəbdən sonrakı təhsil ala bilib. İlk valideynlik yaşının artması ilə ali və ya orta ixtisas təhsili alma ehtimalı nəzərəçarpacaq dərəcədə yüksəlib və təxminən 31 yaşda sabitləşib.
Oxşar vəziyyət gəlirlərdə də müşahidə olunub. Yeniyetmə yaşlarında valideyn olan şəxslər daha çox illik gəliri 25 min Kanada dollarından aşağı olan qrupda yer alıblar. Maddi göstəricilər uşağın doğulmasını 26–31 yaşadək təxirə salan insanlarda tədricən yaxşılaşıb.
125 min Kanada dollarından çox gəliri olan ailələr qrupuna düşmək ehtimalı isə ən çox təxminən 29 yaşında valideyn olan şəxslərdə qeydə alınıb.
Bundan əlavə, erkən valideynlik daha sonrakı yaşlarda fiziki sağlamlığın daha zəif qiymətləndirilməsi ilə də əlaqələndirilib. Bu asılılıq ilk uşağın doğulduğu yaş artdıqca zəifləyib və təxminən 26 yaşdan sonra stabilləşib.
Bununla yanaşı, ümumi həyat məmnuniyyəti demək olar ki, valideynlik yaşından asılı olmayıb. İştirakçıların əksəriyyəti yaşından asılı olmayaraq həyatlarını yüksək qiymətləndiriblər.
Jordan Mak Donald bildirib: “İnsan nə qədər gənc yaşda valideyn olursa, yarımçıq təhsil, sağlamlıq problemləri və ömür boyu daha aşağı gəlir kimi uzunmüddətli çətinliklərlə qarşılaşma ehtimalı bir o qədər artır”.
Müəlliflərin sözlərinə görə, bu nəticələr gənc valideynlərin “uğursuzluğa məhkum” olduğu anlamına gəlmir. Araşdırma daha çox ailə, cəmiyyət və dövlət dəstəyinin nə qədər vacib olduğunu göstərir.
Alimlər hesab edirlər ki, erkən valideynlik təhsilin tamamlanması və ya karyeraya başlama kimi mühüm həyat mərhələlərini poza bilər. Bu səbəbdən gənc valideynlər çox vaxt uşağın dünyaya gəldiyi həyat mərhələsində “ilişib qalır” və bunun nəticələri onilliklər boyu davam edə bilir.




