Aktyor pal-paltara çox pul xərcləməyi, çox bahalı geyimlər xüsusilə qalstuk, kəmər və ayaqqabı almağı çox sevib. Xəncər-bıçaq kolleksiyası olub. Bıçaq yığmağı çox sevib. Övladlarına hədiyyə olaraq isə fənər alarmış. Həmişə də deyib ki, “Birdən elə yerə düşərsiniz ki, qaranlıq olar, onda mütləq lazımınız olacaq”. Ölümündən sonra bir nəfər adam onun yasına gəlib oğluna pul verib deyir, bunu mağazanın müdiri göndərib, atanız rəhmətə getməzdən əvvəl pulu beh kimi verib yaz gödəkcəsi sifariş etmişdi.
Telman Adıgözəlov 57 rəqəmindən dəhşətli dərəcədə qorxub. Hətta buna görə avtomobilinin 57 ilə bitən nömrə nişanını dəyişib. Lakin aktyorun amansız ürəyə damması özünü doğruldub. O, 57 yaşında dünyasını dəyişir.
Oğlunun vəzifəli bir şəxsin oğlu ilə etdiyi qəza da aktyorun səhhətinə mənfi təsir edir. Sənət yoldaşlarının sözlərinə görə qəzada təqsir qarşı tərəfdə olsa da, vzifəli şəxs Telmn Adıgözəlovun ailəsini çox sıxıb, ondan yüksək məbləğdə pul tələb edib.
Aktyorun ölümü hamı kimi ailəsi üçün də gözlənilməz olub. Gecə saatlarında ailə üzvləri onun xırıltılı səsini eşidiblər, əvvəl elə biliblər ki, boğazında nə isə qalıb. Heç kim heç nə anlaya bilməyib. İki dəfə ard-arda təcili yardım çağırılır. Birinci gələn həkim aktyoru tanıyır və onu elə vəziyyətdə görəndə özünü itirir. Təzyiqini ölçsə də, “baş aça bilmədim”, deyir, başqa həkim çağırılmasını xahiş edir. Daha sonra ikinci təcili yardım gəlir. Ona qədər də aktyor sağ olsa da, xırıldayırmış. Növbəti dəfə gələn həkim isə deyir ki, ürəyi dayanıb. Aktyora elektroşok verilir. Bir neçə dəqiqədən sonra aktyor keçinir.
Oğlu Tural müsahibələrinin birində deyir, yəqin ki atam qeyri-peşəkarlığın qurbanı oldu. Çünki sonradan başqa həkimlər bizə dedilər ki, infarkt keçirən adama elektroşok vermək olmazmış.




