Azərbaycan Nəşriyyatında etiraz aksiyası:“Təmirdən sonra geri qayıtmaq ədalət məsələsidir” – VİDEO

Hal-hazırda Azərbaycan Nəşriyyatındayıq. Bu gün burada jurnalistlər və redaksiya nümayəndələri tərəfindən etiraz aksiyası keçirilir. Səbəb isə Nəşriyyat binasının təmirə bağlanması və təşkilatların gələcək taleyi ilə bağlı qeyri-müəyyənlikdir.
Etiraz edən media nümayəndələri təmir işlərindən sonra həmin binaya geri qayıtmağın təmin olunmasını istəyirlər. Onlar bildirirlər ki, illərlə bu məkanda fəaliyyət göstərən redaksiyalar və ictimai təşkilatlar binadan çıxarıldıqdan sonra yenidən geri buraxılmaya bilərlər.
Biz də elə bu gün Azərbaycan Nəşriyyatında yerləşən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinə (DAMM) baş çəkdik və təşkilatın prezidenti Rasim Məmmədovdan mövcud vəziyyətlə bağlı fikirlərini öyrəndik.
“Bu bina sadəcə divar deyil – tarixdir”
Jurnalistin “Rasim müəllim, Nəşriyyatın bağlanması ilə bağlı düşüncələrinizi bölüşərdiniz” sualına cavab olaraq Rasim Məmmədov bildirdi ki, Prezidentin ictimai nəzarət çağırışları məhz belə hallarda xalqın mövqeyini ortaya qoymasını tələb edir:
— 2015-ci ildə cənab Prezident məmur özbaşınalığına qarşı ictimai nəzarətin vacibliyini vurğulamışdı. Biz də bu çağırışlara əsaslanaraq İctimai Nəzarət Koalisiyası, Sabitlik və İnkişaf Mərkəzi və DAMM olaraq burada yerləşdik.
O qeyd etdi ki, bu bina uzun illərdir ziyalıların məkanı olub:
— 1976–1978-ci illərdə bina tikilirdi. O vaxt burada samballı, ziyalı şəxslər otururdu. Bu məkan tarixdir.
“Təmirə etirazımız yoxdur, amma ədalətsizlik olmasın”
Rasim Məmmədov vurğuladı ki, təmirə qarşı çıxmırlar, lakin əsas məsələ təmirdən sonra təşkilatların geri qaytarılmamasıdır:
— Bu binanın təmir olunmasına etiraz etmirik. Dünya dəyişir, inkişaf edir. Amma təmirdən sonra insanların buraya qaytarılmaması ədalətsizlik olar.
O əlavə etdi ki, təşkilat bu mərtəbənin təmirinə şəxsi vəsait xərcləyib:
— Biz vaxtilə bu mərtəbənin təmirinə külli miqdarda vəsait sərf etmişik. Burada akt zalı var, bahalı qapılar qoydurmuşuq. Heç olmasa icazə versinlər, şəxsi əşyalarımızı və qoydurduğumuz avadanlıqları çıxaraq.
Jurnalistin bəzi insanların səssiz şəkildə binanı tərk etməsi barədə sualına Rasim Məmmədov belə cavab verdi:
— Heydər Əliyev deyirdi ki, mövqesiz insanlar cəmiyyət üçün təhlükəlidir. Bəziləri qorxur – işdən çıxararlar, ailəsinə zərər dəyər. Amma xalq üçün mübarizə aparmaq lazımdır.
O qeyd etdi ki, özü də illərini bu yola sərf edib:
— 2015–2025-ci illərdə həyatımın 10 ilini insanlar üçün xərclədim və cəzamı da çəkdim. Heyifsilənmirəm. Mən xalqın adamıyam.
Gənclərə çağırış: “Estafet gənclərə verilməlidir”
2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə Rasim Məmmədov gənclərə müraciət etdi:
— Gənclər bizim gələcəyimizdir, şərəfimizdir, simamızdır. Dövlətin yükü gənclərin çiyinlərində olacaq. Estafet gənclərə verilməlidir.
Rasim müəllim gənclərə sosial mediada yayılan hər sözə inanmaq əvəzinə araşdırmağa çağırdı:
— Gözləri ilə görüb, qulaqları ilə eşitdiklərinə inansınlar. Sosial şəbəkədə deyilən hər şeyə kor-koranə inanmasınlar.
Sosial şəbəkələr və mənəvi dəyərlər haqqında fikirləri ilə bağlı da suallar verdik.
Müsahibədə sosial şəbəkələrdə əxlaqsızlığın təbliği məsələsinə də toxunuldu. Rasim Məmmədov bunun səbəbini cəmiyyətin maarif səviyyəsində gördü:
— Elmi səviyyənin aşağı olması, ailə tərbiyəsi və mədəniyyət boşluğu buna şərait yaradır.
O televiziya kanallarını da tənqid edərək dedi:
— Sosial şəbəkələrdən də pis vəziyyətdə olan televiziya kanallarıdır. İnsanları maarifləndirmək lazımdır. Söhrab Tahir, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı kimi ziyalıların yaradıcılığı təbliğ olunmalıdır.
Müsahibənin sonunda Rasim Məmmədov izləyicilərə belə müraciət etdi:
— Özünüzü qoruyun, həyatda mübariz olun, dostluğu qoruyun, xeyriyyəçi olun, insanları sevin. Allahınızı sevin! Gözəl həyat və sağlam can arzulayıram.